AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin təşəbbüsü ilə “Multidissiplinar tədqiqatın müasir elmə töhfəsi: Nadir şahın şəxsiyyəti, dövrü və islahatları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında Nadir şah Əfşarın hərbi-siyasi fəaliyyəti, dövrünün ədəbi mühiti və həyata keçirdiyi islahatların multidissiplinar müstəviyə daşınmasının müasir elm üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu cür tədqiqatlar tariximizin qaranlıq səhifələrinə işıq salmaqla yanaşı, gənc nəslin dövlətçilik ənənələrimizi dərindən öyrənməsinə mühüm töhfə verir. Alim mövzunun aktuallığını diqqətə çatdıraraq, tədbirin işinə uğurlar arzulayıb və çıxış üçün sözü məruzəçilərə verib.
İnstitutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Nadir şahın soykökü və şəxsiyyəti tarixşünaslıqda” adlı məruzəsində görkəmli sərkərdənin mənşəyi və tarixi rolu barədə mövcud elmi yanaşmaları təhlil edib. O, müxtəlif dövrlərə aid mənbələrdə Nadir şah şəxsiyyətinə verilən qiyməti müqayisəli şəkildə diqqətə çatdıraraq, onun soykökü ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Bildirib ki, obyektiv tarixşünaslığın formalaşmasında bu cür fundamental araşdırmalar mühüm əhəmiyyət kəsb edir.
Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Elnurə Babayeva “XVIII əsr Azərbaycan və İran ədəbiyyatında Nadir şah obrazı” adlı məruzəsində hər iki xalqın XVIII əsr ədəbiyyatında bu qüdrətli hökmdarın obrazının bədii əksi, tarixi reallıqlarla bədii təxəyyülün kəsişmə nöqtələri barədə maraqlı faktlar təqdim edib. Məruzədə dövrün ədəbi nümunələrində Nadir şah Əfşar şəxsiyyətinə və hərbi-siyasi fəaliyyətinə verilən bədii qiymət müqayisəli şəkildə təhlil olunub.
Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d., dosent Rəna Məmmədova “Nadir şahın islahatları” adlı məruzəsində Nadir şah Əfşarın hakimiyyəti dövründə həyata keçirdiyi hərbi, inzibati və dini islahatların tarixi əhəmiyyətini, eləcə də bu islahatların dövlətçilik tariximizdəki rolunu diqqətə çatdırıb. Məruzədə həmçinin qüdrətli hökmdarın dövləti gücləndirmək məqsədilə atdığı strateji addımlar və tətbiq etdiyi yeniliklər geniş şəkildə təhlil olunub.
Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Nadir şah olduğu kimi” adlı məruzəsində nadir çap materialları və tarixi mənbələr əsasında Nadir şah Əfşarın real tarixi şəxsiyyətini, onun fəaliyyətinin az məlum olan tərəflərini və dövrün nəşrlərində bu böyük sərkərdəyə verilən obyektiv qiyməti diqqətə çatdırıb, əski çap kitablarının verdiyi məlumatlar əsasında Nadir şahın fəaliyyətinə və onun tarixi irsinə fərqli bir elmi baxış nümayiş etdirib.
Daha sonra Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi İlahə Ələkbərovanın “İqtisadi siyasət və vergi sistemi: Nadir şah dövrünün yenilikləri” adlı məruzəsi dinlənilib. Təqdim olunmuş məruzədə Nadir şahın hakimiyyət illərində həyata keçirilən iqtisadi islahatlar və maliyyə-vergi sistemindəki köklü dəyişikliklər ətraflı şəkildə təhlil olunub.
Həmin şöbənin mütəxəssisi Nərminə Salmanlı “Hərbi liderdən imperatora: Nadir şahın hakimiyyət legitimliyi” adlı məruzəsində böyük sərkərdənin sadəcə hərbi qələbələrlə kifayətlənməyib, öz hakimiyyətini siyasi və hüquqi müstəvidə necə qanuniləşdirdiyini, xüsusilə Muğan qurultayının bu prosesdəki tarixi rolunu diqqətə çatdırıb. Məruzədə Nadir şah Əfşarın hərbi xadimdən imperiya rəhbərinə ucalması və onun hakimiyyətinin legitimlik əsasları elmi faktlarla təhlil edilib.
Sonda çıxış edən Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rüxsarə Məmmədova təqdim etdiyi “Tarixin canlı səsi: Nadir şah irsi və Rəna Məmmədovanın tədqiqat dünyası” adlı məruzədə həm Nadir şah Əfşarın zəngin tarixi irsinə nəzər salıb, həm də həmkarı Rəna Məmmədovanın bu istiqamətdə apardığı fundamental araşdırmaların əhəmiyyətini və tədqiqat dünyasını geniş şəkildə təhlil edib.
Tədbir çərçivəsində əməkdaşlar institut Kitabxanasının mövzuya uyğun hazırladığı kitab sərgisi ilə tanış olublar. Sərgidə alim və mütəxəssislərimizin Nadir şah irsini özündə əks etdirən nəşrləri nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.