Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2026 12:26
  • A-
  • A
  • A+

Geologiya İnstitutunun əməkdaşları Türkmənistanda keçirilən regional təlim və seminarda iştirak ediblər

Geologiya İnstitutunun əməkdaşları Türkmənistanda keçirilən regional təlim və seminarda iştirak ediblər

Türkmənistanın paytaxtı Aşqabad şəhərində Rusdilli Milli Məlumat Mərkəzləri (National Data Centres - NDC) üçün Regional Seminar və İnteqrasiya olunmuş Təlim proqramı keçirilib.

Tədbir Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatının Hazırlıq Komissiyası (CTBTO), Türkmənistan Hökuməti və Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu tərəfindən təşkil olunub.

Seminara Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistanın Milli Məlumat Mərkəzlərinin nümayəndələri qatılıblar. Əsas məqsəd iştirakçı ölkələrin milli məlumat mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi, Beynəlxalq Monitorinq Sistemi (IMS) məlumatlarının emalı və təhlili sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub.

Azərbaycanı tədbirdə Geologiya İnstitutu PHŞ-in Müasir Geodinamika və Kosmik Geodeziya şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, y.e.ü.f.d., dosent Rafiq Səfərov və böyük laborant, institutun doktorantı Murad Qəhrəmanov təmsil ediblər. Nümayəndələr seminar çərçivəsində keçirilən müzakirələrdə və praktiki məşğələlərdə iştirak edərək seysmoloji məlumatların emalı, monitorinq sistemlərinin tətbiqi və müasir proqram təminatlarından istifadə sahəsində beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

Təlim proqramı çərçivəsində CTBTO tərəfindən təqdim olunan texniki dəstək və xidmətlər, məlumat və məhsullara çıxış üsulları, NDC-in-a-Box platformasının tətbiqi, Geotool və SeisComP proqram təminatlarından istifadə, seysmik hadisələrin təhlili və avtomatlaşdırılmış emal prosesləri üzrə nəzəri və praktiki sessiyalar keçirilib. İştirakçılar həmçinin müxtəlif ölkələrin təcrübələrini təqdim edərək regional əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

Eləcə də tədbir çərçivəsində Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutuna səfər təşkil edilib və iştirakçılar Milli Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Beş gün davam edən seminar və təlim proqramı nəzəri müzakirələr, praktiki məşğələlər, biliklərin qiymətləndirilməsi və yekun bağlanış mərasimi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: