Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.10.2022 13:02
  • A-
  • A
  • A+

Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu öz işinə başlayıb

Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu öz işinə başlayıb

Oktyabrın 19-da AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu öz işinə başlayıb.

İki gün davam edəcək forumda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Özbəkistan və Gürcüstandan 104 alim və tədqiqatçı iştirak edir.

Forumun açılış mərasimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov adından forum iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Qeyd edib ki, qısa müddətdə yaranmasına və azsaylı kollektivi olmasına baxmayaraq, AMEA-nın müxbir üzvü Musa Qasımlının rəhbərliyilə Qafqazşünaslıq İnstitutunun əməkdaşları tərəfindən çox sayda monoqrafiyalar, kitablar, tezislər nəşr olunub, yüksək indeksli jurnallarda Azərbaycan həqiqətləri ilə bağlı məqalələr çap edilib.

Akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə 2017 və 2019-cu illərdə keçirilən Qafqazşünasların Beynəlxalq Forumlarında dinlənilən bir çox sanballı məruzələr kitab halında işıq üzü görüb, bu istiqamətdə elmimizin inkişafına öz töhfəsini verib.

Qafqazşünasların Üçüncü Beynəlxalq Forumunun artıq regionda yaranmış yeni reallıqlar şəraitində baş tutduğunu deyən akademik bu reallığın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində qazanılmış tarixi qələbə nəticəsində mümkün olduğunu söyləyib. Vurğulayıb ki, hazırda Qafqazdakı ictimai-siyasi şərait, beynəlxalq güclərin buradakı maraqları forumda müzakirə ediləcək və regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin edilməsinə öz töhfəsini verəcək.

Forumda çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Nərgiz Axundova Qafqazşünaslıq İnstitutunun əməkdaşları tərəfindən böyük səylə Qafqaz tarixinin keçmişi, bu günü və gələcəyinin arxiv materialları əsasında rəsmi sənədlərlə öyrənildiyini, kitabların ərsəyə gətirilərək bir çox xarici dillərə tərcümə edildiyini və təqdimatının keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, forumda müzakirə ediləcək mövzular regionun iqtisadi, siyasi, sosial problemlərinin həllinə kömək göstərəcək.

Daha sonra Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının “Vətən müharibəsində qələbə: yeni reallıqlar və qafqazşünaslıq elminin qarşısında dayanan vəzifələr” adlı məruzəsi dinlənilib. O, forumun keçirilməsinə verdiyi dəstəyə görə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimova öz minnətdarlığını bildirib.

Ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsi ilə Qafqazda yeni reallıqların yarandığını deyən M.Qasımlı bu reallığın Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsini özünün icra etməsi nəticəsində yarandığını söyləyib. Diqqətə çatdırıb ki, bu gün Qafqazşünaslıq İnstitutunun qarşısında duran başlıca vəzifələr ölkəmizin milli maraqları üçün vacib olan Azərbaycanın qonşularında baş verən daxili ictimai-siyasi proseslərin, eləcə də böyük dövlətlərin Qafqaz regionuna aid maraqlarının öyrənilməsidir.

Məruzədən sonra forum öz işini bölmə iclasları ilə davam etdirib. 16 bölmədə keçiriləcək iclaslarda Vətən müharibəsi və Qafqazda yeni reallıqlar, ictimai-siyasi proseslər, münaqişələr, böyük və qonşu dövlətlərin Qafqaz siyasəti, Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi və b. problemlərə həsr edilmiş 99 məruzə müzakirə olunacaq.

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 5 respublika konfransı keçirib, elmi məruzələr və tezislər nəşr edilib. İnstitut alimlərinin əsərləri yüksək reytinqli elmi jurnallarda dərc olunub. İnstitutda  2 elmi istiqamət üzrə 2 problem 5 mövzuya dair 14 tədqiqat işi aparılır.

İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı 2 beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: