AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) və Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin birgə təşkilatçılığı ilə 2 noyabr 2022-ci il tarixdə “Antroposenin fiziki və xəyali landşaftları” mövzusunda beynəlxalq konfrans və “Böyük Eksperimentlər Məkanı” mövzusunda II beynəlxalq konfrans keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva konfransın həsr olunduğu mövzunun aktuallığından, eləcə də bu cür tədbirlərin ölkələrarası elmi-mədəni əlaqələrin inkişafına, elmi əməkdaşlığa və inteqrasiyaya xüsusi töhfələr verə biləcəyindən bəhs edib.
Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli tədbirin Elm Tarixi İnstitutu və Tümen Dövlət Universiteti arasında bağlanmış elmi əməkdaşlıq haqqında müqavilə əsasında həyata keçirildiyini bildirib. Müqavilə çərçivəsində iki elmi müəssisə arasında tarix, antropologiya, texnologiya sosiologiya, ekologiya, humanitar və digər sahələr üzrə birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi, layihə və proqramların həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən institut direktoru konfransın bu istiqamətdə ilk ortaq iş kimi əhəmiyyətini qeyd edərək, gələcək planlar və perspektivlər barədə qənaətlərini ifadə edib.
Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin (Antroposen məktəbi) direktoru, tarix üzrə fəlsəfə doktoru Aleksandr Sorokin rəhbərlik etdiyi elmi müəssisənin profili, fəaliyyəti, tədqiqat istiqamətləri, Elm Tarixi İnstitutu arasında əməkdaşlıq və görülmüş işlər haqda danışaraq mövzu ilə bağlı ümumi məlumat verib.
Professor Məryəm Seyidbəylinin və Aleksandr Sorokinin moderatorluğu ilə keçirilən konfrans Azərbaycandan və xarici ölkələrdən qatılmış alimlərin təqdim etdikləri elmi məruzələr ilə davam edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin “Xəzər dənizinin karbohidrogen deqazasiyası: mexanizmlər və nəticələr”, Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimovanın “Antropogen dövründə biotibbin prioritetləri”, Avropa Universitetinin elmi əməkdaşı Оlqа Bıçkovanın “İqlim elmlərində qeyri-müəyyənliyin fəthi: klimatoloqlar və sosial elm adamları arasında dialoqu necə qurmaq olar?”, akademik Validə Əlizadənin “The role of the system of knowledge and practice of the indigenous peoples of the Shahdag highlands in conserving the biological and cultural diversity of Azerbaijan”, Tümen Dövlət Universitetin əməkdaşı Roman Gilmintinovun “Valuable pollutants and hazardous resources: utopian conservatism of the late Soviet environmental regulation” mövzusunda çıxışları, eləcə də digər iştirakçıların təqdim etdiyi elmi məruzələr dinlənilib.
Qeyd edək ki, konfrans 4 noyabr 2022-ci il tarixinədək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.