Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 15:13
  • A-
  • A
  • A+

Tarixi qələbəni bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və güclü ordumuzdur

Tarixi qələbəni bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və güclü ordumuzdur

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri institutun baş direktoru, akademik Fəxrəddin Qədirov açaraq bildirib ki, bu böyük qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı: “Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızda dinc əhaliyə hücum zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir”.

İnstitutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov isə çıxışında vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz də çox həyəcanlıyıq: “Bu həyəcan qazanılan zəfərin gətirdiyi xoş bir həyəcandır. Qeyd edim ki, biz bundan sonra da illər boyu Zəfər Gününü qeyd etdikdə də bu həyəcan bizlə addımlayacaq. Bu zəfərin qazanılması ilk növbədə ölkədə möhkəm ordu-xalq-dövlət birliyinin mövcud olması, bu istiqamətdə illərlə aparılan düşünülmüş dövlət siyasəti, müasir ordu gücü və mərd vətən övladlarının şücaəti sayəsində mümkün olmuşdur”.

İnstitutun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov Zəfər bayramının Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının katibi Rahilə Əliyeva gənclərin İkinci Qarabağ müharibəsində sosial şəbəkələrdə fəallığı və hər zaman vətən üçün hazır olmaları barədə fikirlərini bölüşüb.  

Tədbir institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin Zəfər Gününə həsr olunmuş videotəqdimatının nümayişi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: