Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2022 10:58
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə institutun kollektivini təbrik edib. Hər iki əlamətdar günün ölkədə böyük coşqu ilə qeyd edilməsinin uşaq və gənclərə vətənpərvərlik ruhunun aşılanması baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

R.Ələkbərov Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi önəm daşıması nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü ilə bağlı tarixi faktları nəzərə çatdırıb. Qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xalqımız öz liderinin – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Daim çıxışlarında xalqımızın Qarabağa qayıdacağını, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya duyuran cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözü tutdu, rəşadətli ordumuza və xalqına inanaraq zəfər qazandı.

9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması tarixindən bəhs edən R.Ələkbərov bildirib ki, bayraq hər bir millətin mövcudluğunun təsdiqi, milli identikliyin təzahür formalarından biri, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Bu baxımdan dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi hesab edilir.

“Dövlətimizin, bayrağımızın və şəhidlərimizin əziz xatirəsinin uca tutulması hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur”, – deyə bildirən R.Ələkbərov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova “8 noyabr – Şanlı Zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoyub, ərazi bütövlüyümüz bərpa olunub.

İnstitutun doktorantı Orxan Vəlixanlı 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın “Dəmir yumruq” əməliyyatını uğurla icra etdiyini və uzun illərdir həsrətində olduğumuz torpaqlarda ədalətin bərpa olunduğunu söyləyib. İkinci Qarabağ müharibəsində ordumuzun XXI əsrin tələblərinə cavab verən yüksək texnologiyalardan və ən müasir silahlardan istifadə etdiyini nəzərə çatdıran O.Vəlixanlı müharibədə pilotsuz uçuş aparatlarının həlledici rolunun xüsusilə qeyd edilməsinin vacibliyindən söz açıb.

Sonra gənc tədqiqatçı Nuranə Xosuzadə çıxış edərək bildirib ki, Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvolu, bizim mənəvi sərvətimizdir. Tarixin keşməkeşli yollarından keçmiş müqəddəs bayrağımız artıq düşmən işğalından azad olunmuş torpaqlarımızda dalğalanır.

Şuranın üzvü Əyyub Əliyev öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın bizim milli-mənəvi və ümumbəşəri dəyərlərə sadiqliyimizi nümayiş etdirdiyini bildirib: “Biz də çağdaş nəsil olaraq babalarımızın və atalarımızın əmanəti olan müqəddəs bayrağı göz bəbəyimiz kimi qorumalıyıq”.

Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək Vətən müharibəsi zamanı minlərlə gəncimizin könüllü olaraq cəbhəyə yollandığını, ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatıldığını söyləyib.

İ.Ələkbərova İkinci Qarabağ müharibəsinin dronların döyüş əməliyyatlarında uğurlu istifadəsinin ilk nümunəsi olduğunu qeyd edbi. Tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsindən bəhs edib.

Daha sonra tədbirdə institutun əməkdaşı Şahin Rəsulovun da İkinci Qarabağ müharibəsi iştirakçısı olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2020-ci ilin sentyabr ayında səfərbərlik üzrə hərbi xidmətə çağırılan Ş.Rəsulov Füzuli, Xocavənd, Cəbrayıl və Laçın rayonlarının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. Oktyabrın 18-də Füzuli cəbhəsində yaralansa da, 15 günlük müalicədən sonra yenidən savaş meydanına qayıtmışdır. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə dövlət başçısı tərəfindən təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: