Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli numizmat alim Əli Rəcəbli vəfat edib
13.11.2022 13:59
  • A-
  • A
  • A+

Görkəmli numizmat alim Əli Rəcəbli vəfat edib

Görkəmli numizmat alim, “Tərəqqi” medallı, A.A.Bakıxanov adına mükafatın laureatı, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəbli 95 yaşında vəfat edib. 

Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olmuşdur. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.

Həmin illərdə muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail olmuşdur.

1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli 1963-cü ildə 07.00.06 – “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1968-ci ildən muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri vəzifəsində işləyən alim həm də bir neçə ali təhsil ocağında pedaqoji fəaliyyət göstərmiş, müxtəlif fənlər üzrə mühazirələr demiş, bir sıra metodik tövsiyələrin, dərs proqramlarının müəllifi olmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, təşkilində və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyə görə” medalı ilə təltif edilmişdir.

Onun müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahəni təmsil edən ilk dəyərli və təcrübi əhəmiyyətli əsərlərdəndir.

2000-ci ildə “Arxeologiya” və “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilən 100-dən artıq elmi məqalənin müəllifi idi.

Bir sıra aspirant və dissertanın işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan alim həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) eksperti olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülən Əli Rəcəbli 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Professorun çoxillik elmi axtarışları və numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycanın qədim və ortaçağ sikkələri”, “Azərbaycan sikkələri” (Azərbaycan, rus və ingilis dillərində), “Sikkə və dövlətçilik” (Azərbaycan və rus dillərində), “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” (rus dilində), “Şirvanşahlar dövlətində sikkə zərbi – VIII – XVI əsrlər” (Azərbaycan, rus və ingilis dillərində), “Qafqaz pulları” (Azərbaycan, rus və ingilis dillərində), “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” (Azərbaycan və rus dillərində), “Sikkə dəfinələrinin izi ilə” kitablarında Azərbaycan numizmatikasının ən unikal faktları təmsil edilmişdir.

Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə A.A.Bakıxanov adına mükafatın laureatı olmuş, növbəti ildə isə V Filekspo sərgisi münasibətilə Qızıl medalla təltif edilmişdir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: