Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2022 16:56
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans keçirilib

Folklor İnstitutunda “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Folklor İnstitutunda böyük Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans keçirilib.

Konfransı institutun baş direktoru, akademik Muxtar İmanov giriş nitqi ilə açıb. H.Cavidin sənətkarlığından danışan M.İmanov onu Azərbaycan romantizminin nümayəndəsi olduğuna görə mifoloji düşüncəyə geniş yer ayıran, gerçəkliklə müqayisədə idealı daha çox ön plana çəkən sənətkar kimi dəyərləndirib.

H.Cavid yaradıcılığında mifoloji düşüncədən qaynaqlanan iki obrazın İblis və Mələk obrazlarının daha çox diqqəti cəlb etdiyini vurğulayan akademikin fikrincə, bu obrazlar özünü iki səviyyədə göstərir. Birinci halda H.Cavidin müxtəlif əsərlərində sözügedən obrazların yalnız adı çəkilir, ikinci halda isə əsasən onun dramaturgiyasında Mələk və İblis obrazları süjet xəttində yer alır. Bir çox əsərlərində bu obrazlara birbaşa olmasa da, dolayı yolla müraciət edən H.Cavid məhz müharibə dəhşətlərini iblisanə bir əməl kimi təqdim edir.

Akademik çıxışı zamanı ədəbiyyatşünaslıqda İblisin yalnız şərin simvolu kimi təqdim olunması məsələsinə də toxunub. M.İmanov bildirib ki, İblis dini-mifoloji təsəvvürlərə görə, oddan törəmiş bir obraz olduğu üçün H.Cavid yaradıcılığında yalnız zülmətin simvolu sayıla bilməzdi. Bunun semantik kökündə işıq anlayışı olduğuna görə H.Cavid işıq anlayışından iki cür istifadə edib. Birincisi nuri-həqiqət, yəni ilahinin bizə göndərdiyi işıq, ikincisi isə müharibələrin od-alovu kimi düşünüb. M.İmanov çıxışının sonunda bir daha H.Cavidi mifoloji obrazlardan, folklorla bağlı motivlərdən özünün konsepsiyasına uyğun şəkildə istifadə edən böyük mütəfəkkir kimi dəyərləndirib.

Konfransda institutun icraçı direktoru f.ü.f.d., dosent Afaq Ramazanova bildirib ki, böyük yaradıcılıq irsinə malik H.Cavid o ədiblərdəndir ki, Azərbaycan ədəbiyyatının zirvəsinə yüksələ bilib. Hətta o, repressiya qurbanı olmasaydı çoxlu sayda böyük əsərlər yarada bilərdi. 

Tədbirdə sonra məruzələr dinlənilib. F.ü.f.d., dosent Elçin Qaliboğlu “İblis obrazı: mifoloji-dini şüurda və yazılı ədəbiyyatda (H.Cavidin “İblis” pyesi əsasında)” adlı məruzəsində Azərbaycan folklorunda İblis (Şeytan) obrazı ilə bağlı məqamlara diqqət çəkib. Dini şüurdakı İblis obrazının şəxsində oda yanaşmadan fərqli olaraq Azərbaycan folklorunda od motivinə münasibətin özünəməxsus (odun insan mənəviyyatını ifadə etməsi, daxili təmizləyicilik xüsusiyyəti) olduğu, bunun Azərbaycan milli dəyərlərində əsas xətt kimi özünü göstərdiyi vurğulanıb. E.Qaliboğlu “İblis”əsərinin bənzərsiz cəhətləri haqqında danışıb, dünya ədəbiyyatının incilərindən biri olduğunu bildirib.

F.ü.f.d., dosent Atif İslamzadə isə “Hüseyn Cavid yaradıcılığında folklor motivləri ictimai məfkurə kimi” mövzusunda məruzə edib. O, öz çıxışı zamanı bildirib ki, milli və bəşəri mövzuları özündə cəmləyən ictimai məfkurə H.Cavid yaradıcılığında diqqət çəkir. Ədibin ictimai məfkurəni folklor motivlərindən istifadə edərək cəmiyyətin nəzərinə çatdırdığını vurğulayan məruzəçinin fikirlərinə görə, bu məsələ “İblis” və “Şeyx Sənan” pyeslərində özünü qabarıq şəkildə göstərir. Belə ki, demonizmin xalq arasında xtonik qüvvələri ifadə edən təcəssümü adı çəkilən əsərlərə mövzu olub.

Açılış toplantısından sonra “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında H.Cavid yaradıcılığına həsr olunmuş on məruzə (f.ü.f.d., dosent Sevinc Əliyeva “Hüseyn Cavidin dramaturgiyasında folklorun bədii-estetik yeri”, f.ü.f.d. Şəbnəm Məmmədova “Hüseyn Cavid yaradıcılığında romantizm və folklor”, f.ü.f.d. Qiymət Məhərrəmli “Hüseyn Cavid romantizmi: mifin poetikası”, f.ü.f.d. Xəyalə Ağayeva “Folklor motivləri Hüseyn Cavid yaradıcılığında”, f.ü.f.d. Gülnar Osmanova “Hüseyn Cavidin “İblis” əsərində mifoloji düşüncə və ümumbəşəri ideya”, f.ü.f.d. Əpoş Vəliyev “Hüseyn Cavid və xalq yaradıcılığı”, Sevda Qasımova “Hüseyn Cavid irsi professor Cəlal Qasımovun tədqiqatlarında”, Aygül Qurbanova “Azərbaycan folklorunda şeytanla bağlı mətnlər və Hüseyn Cavidin “İblis” konsepsiyası”, Tahirə Vəliyeva “Hüseyn Cavid yaradıcılığında ana obrazı”, Səadət İbrahimli “Əbədiyaşarlığın ünvanı – Hüseyn Cavid”) dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: