Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.11.2022 11:18
  • A-
  • A
  • A+

Türkiyəli alim Dilçilik İnstitutunun Fəxri doktoru seçilib

Türkiyəli alim Dilçilik İnstitutunun Fəxri doktoru seçilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru seçilməsi münasibətilə sözügedən müəssisənin Elmi şurasında Türk Dil Qurumunun keçmiş sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.

Tədbirdə çıxış edən Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb. O, Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Son illərdə onunla Nəsimi adına Dilçilik İnstitutu arasında dostluq münasibəti formalaşıb ki, bu da Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.

Sonra professor Nadir Məmmədli Fəxri doktor diplomunu və Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı Şükrü Haluk Akalına təqdim edib.

Dilçilik İnstitutunun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. Alim bildirib ki, Azərbaycanı vətəni olaraq görür. 25 il Adana Universitetində, 16 il Hacettepe Universitetində Azərbaycan dilini tədris edib. Natiq vurğulayıb ki, bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edənlər professorlar Sayalı Sadıqova, İlhami Cəfərsoy, İsmayıl Məmmədli, institutun elmi katibi dosent Aynel Məşədiyeva, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Quliyeva Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar. Qeyd ediblər ki, bizim bütün əməkdaşlığın arxasında Azərbaycan-Türkiyə münasibətləri, dostluq-qardaşlıq əlaqələri dayanır.

Şükrü Haluk Akalın ona göstərilən diqqətə görə Dilçilik İnstitutunun rəhbərliyinə və Elmi şuraya minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: