Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2022 14:10
  • A-
  • A
  • A+

“Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” mövzusunda müzakirələr aparılıb

“Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” mövzusunda müzakirələr aparılıb

Noyabrın 21-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İnstitutun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d., dosent Yunus Sadıqov “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT)” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ÜTT inkişaf etmiş dövlətlərin təşəbbüsü ilə 1995-ci ildə yaranıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 164 üzvü var. 22 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzv olma istəyini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilib və İşçi Qrup yaradılıb. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır.

Y.Sadıqov qeyd edib ki, Azərbaycanın ÜTT-yə daxil olması ölkə iqtisadiyyatının inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiyası, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün çox önəmlidir: “ÜTT-nin məqsədi beynəlxalq ticarətin liberallaşdırılması və üzv olan dövlətlərin ticarət və siyasi əlaqələrinin tənzimlənməsidir. Onun əsas vəzifəsi beynəlxalq ticarətin ümumi prinsiplərini qurmaq və üzv ölkələrin onlara əməl etməsini aşılamaqdır. Beynəlxalq əmək bölgüsünə əsaslanan dünya ticarəti ona üzv olan bütün ölkələrə fayda gətirdiyindən, ölkənin ÜTT-yə daxil olması bu faydaların maksimum dərəcədə artmasına əhəmiyyətli şərait yaradacaq. ÜTT-nin yanaşmasına görə, yalnız iqtisadi azadlıq və ölkələr arasında beynəlxalq münasibətlərdə, beynəlxalq ticarətdə bərabərlik ölkənin sosial-iqtisadi yüksəlişinə kömək edir”.

Azərbaycanın ÜTT-yə üzv olmasının tərəfdarı olduğunu bildirən tədqiqatçı Y.Sadıqov bu yöndə öz arqumentlərini səsləndirib, prosesin müsbət və mənfi cəhətləri barədə danışıb. Onun fikrincə, əslində Azərbaycanın gələcəkdə ÜTT-yə üzv olması dövlət tənzimləmə üsullarına yeni mahiyyət verəcək, iqtisadiyyatın xaricə açılması və ticarətin liberallaşdırılması ümumilikdə ölkə iqtisadiyyatının inkişafına güclü təkan olacaq.

Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Professorlar Nazim İmanov, Fuad Qənbərov, İsa Alıyev, Müşfiq Atakişiyev, Tərbiz Əliyev və digər çıxış edənlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığının əsas xarakterik xüsusiyyətləri, perspektivləri məsələlərinə öz münasibətlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: