Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2022 12:05
  • A-
  • A
  • A+

Tarixçi-şərqşünas alim Nərgiz Əliyevanın yubileyi münasibətilə tədbir keçirilib

Tarixçi-şərqşünas alim Nərgiz Əliyevanın yubileyi münasibətilə tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru Nərgiz Əliyevanın 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, muzeyin Həmkarlar Təşkilatının üzvləri, Qadınlar Şurasının üzvləri və muzeyin əməkdaşları çıxış edərək yubilyarı təbrik edib, ona cansağlığı, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Eyni zamanda, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və antropologiya ixtisası üzrə ekspert şurasının üzvləri adından Anar İsgəndərov, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, t.e.d., prof. Kərim Şükürov, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, t.e.d. Sevinc Əliyeva rəsmi təbrik ünvanlayaraq, əlamətdar gün münasibətilə tadqiqatçı-alim Nərgiz Əliyevanı təbrik edib və ona daha böyük uğurlar arzu ediblər.

Qeyd edək ki, Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 1969-cu ildə bitirib, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsinə daxil olub. Nərgiz Əliyeva universiteti bitirdikdən sonra 1974-cü ildə AMEA-nın Tarix İnstitutunun böyük laborantı vəzifəsindən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlib.

N.Əliyeva muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak edib.

N.Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. 12 monoqrafiya, 14 kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə elmi əsərləri dərc olunub, 50-yə yaxın simpozium və konfranslarda maraqlı məruzələrlə çıxışlar edib.

Nərgiz Əliyeva tərəfindən İslamın və İslam mədəniyyətinin yayılmasında rol oynamış, ölkənin mədəni quruculuğunda yaxından iştirak etmiş mədəniyyət daşıyıcıları - ziyalılar haqqında milli tarixşünaslıqda bu günə qədər məlum olmayan informasiya üzə çıxarılıb, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XI-XIII əsrlərdə İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan şəhərlərinin mövqeyi və elmi mühiti tədqiq edilib.

Tarixçi-şərqşünas alim 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Tədbir zamanı muzeyin əməkdaşlarının, həmçinin yerli və xarici alimlərin təbrikləri və ürək sözlərindən ibarət xüsusi olaraq hazırlanmış videoçarx izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: