AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin qərarı ilə seçilmiş yeni sədr gənclərə və institut kollektivinin nümayəndələrinə təqdim olunub.
Mərasimdə Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, icraçı direktor, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri, y.e.ü.f.d., dosent Qulam Babayev iştirak ediblər.
Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının keçmiş idarə heyəti özünün 2 illik hesabatını təqdim edib.
Daha sonra yeni sədr, birinci kurs magistrant Zöhrab Əliyev iştirakçılara təqdim edilib. Özünün gələcək fəaliyyət proqramı barədə məlumat verən Z.Əliyev eyni zamanda yeni idarə heyətinin 10 üzvünü diqqətə çatdırıb.
Təqdimetmə mərasimində çıxış edən GGİ-nin baş direktoru, akademik Akif Əlizadə gənclərə tövsiyələr verərək bildirib ki, elm ocağının yaşlı və orta nəsil nümayəndələri kimi, gənc alimlər də fəaliyyətlərinin məğzini elmin inkişafına kökləməlidirlər. Bunun üçün fərdi çalışmalar, mütərəqqi təcrübəni mənimsəməyə səy, təcrübəartırma vərdişi, xarici dilləri mənimsəmək və əlbəttə, digər oxşar elmi müəssisə kollektivləri və həmkarlarla birgə fəaliyyət vacibdir.
Akademik Akif Əlizadə şəxsi elmi fəaliyyətindən, kollektivdə ünsiyyət təcrübələrindən misallar səsləndirib, gənclərə məhsuldar fəaliyyət naminə rəhbərlik tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.