Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.07.2015 11:30
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-da Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan konfrans keçirilib

İyulun 15-də AMEA-nın Əsas binasında bu qurumun Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin, Azərbaycan Mətbuat Şurasının nümayəndələri, akademiyanın institut və təşkilatlarının, həmçinin ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb. AMEA prezidenti elmi yeniliklərin, elmin inkişafı istiqamətində aparılan islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolundan, ölkədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb.

Milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını söyləyən Akif Əlizadə bu gün Azərbaycanda güclü medianın formalaşdığını qeyd edib. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamının mətbuatın inkışafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü söyləyən AMEA rəhbəri “Əkinçi” qəzeti ilə başlanan ənənələrin uğurla davam etdirildiyini bildirib.

AMEA ilə media qurumları arasında əlaqələrin əhəmiyyətini önə çəkən akademik A.Əlizadə bu əlaqələrin daha güclənməsi istiqamətində fəaliyyətin genişləndiriləcəyinə əminliyini bildirib.

Sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb.  Bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib. Əkinçi” qəzetində “Elm xəbərləri” adlanan rublika da fəaliyyət göstərib.

Mətbuatın hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açan Ə.Amaşov ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri bayram münasibətilə təbrik edib.

Sonda bəzi media qurumları AMEA-nın diplomları ilə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: