AMEA-nın Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Ümummilli Liderin siyasi fəaliyyətindən, ölkəyə rəhbərliyi zamanı əldə olunan inkişafdan bəhs edib. Bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi dövrün tələbi, xalqın ümdə arzusu idi. Ulu Öndərin sahib olduğu idarəçilik bacarığından, mənəvi keyfiyyətlərindən, ölkəmiz və xalqımız üçün xidmətlərindən bəhs edən akademik diqqətə çatdırıb ki, Azərbaycançılıq məfkurəsinin ideologiya səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Diaspor quruculuğu sahəsinə xüsusi diqqət yetirən dahi rəhbər dünya azərbaycanlılarını vahid Azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacarmışdır. Heydər Əliyev təkcə siyasi lider olmamış, Ümummilli Lider səviyyəsinə yüksəlmişdir.
Çıxışı zamanı 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü olduğunu diqqətə çatdıran İsmayıl Hacıyev, bu münasibətilə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı 28 noyabr 2022-ci il tarixli Sərəncamları xatırladıb.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbirdə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin hər iki mərhələsi çətin siyasi şəraitə təsadüf etsə də, böyük siyasi iradəyə, zəngin idarəçilik qabiliyyətinə malik rəhbərlik bacarığı sayəsində vəziyyət nəzarətə alınmış, qısa zamanda problemlər həllini tapmışdır. Belə ki, ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən vətənpərvər siyasətçi milli birlik, kadr potensialının artırılması, kadrların milliləşdirilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və başqa mühüm önəm daşıyan məsələləri hər zaman diqqətdə saxlamışdır.
Hacıfəxrəddin Səfərli qeyd edib ki, Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri onun rifah halının yaxşılaşdırılması ilə məhdudlaşmır. Öhdəsinə götürdüyü xilaskarlıq missiyasını şərəflə yerinə yetirən lider ötən əsrin 90-cı illərində ölkədə hökm sürən hərc-mərcliyin, vətəndaş müharibəsinin tez bir zamanda qarşısının alınmasına, işğalçı Ermənistanla atəşkəsin imzalanmasına nail oldu. Sabitliyin təmin edilməsi ilə Azərbaycan qısa dövr ərzində sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzulu məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti intibah dövrünə qədəm qoydu. Xalqın mədəni inkişafında əvəzsiz xidməti olmuş şair və yazıçıların, incəsənət adamlarının, elm xadimlərinin abidələrinin ucaldılması, ev muzeylərinin yaradılması, yubiley tədbirlərinin keçirilməsi, onların zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində görülən işlər məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
Professor məruzəsində Ulu Öndərin milli mədəniyyətimizə, mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan söz açıb. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasındakı xidmətlərindən danışıb, onun siyasi, vətənpərvər irsinin gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıb.
Tədbirdə “Ulu Öndər Heydər Əliyevin enerji strategiyası” başlıqlı məruzə edən Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Azərbaycanın neft strategiyasından söz açıb.
“Ulu Öndər Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə yeritdiyi ardıcıl siyasət və uzaqgörən addımlar müstəqilliyimizin bərpasından sonra xarici investorların Azərbaycana cəlb olunmasına rəvac verməklə, “Əsrin müqaviləsi”nin imzalanmasında mayak rolunu oynadı. Burada Heydər Əliyevin dünyadakı nüfuzu, eləcə də ölkədə sabitliyin təmin olunmasının mühüm rolunu qeyd etmək lazımdır”, - deyən Tofiq Əliyev Ümummilli Lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşmasından danışıb, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri və başqa mühüm məsələlərə diqqət çəkib.
Alim bildirib ki, Heydər Əliyevin Azərbaycanın işıqlı sabahına yönəlmiş ardıcıl və məqsədyönlü siyasəti öz bəhrəsini artıq verib. Bu missiya Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.