Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2022 15:28
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şuşa İli”nə həsr edilmiş müsabiqənin nəticələri məlum olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şuşa İli”nə həsr edilmiş müsabiqənin nəticələri məlum olub

Dekabrın 9-da Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında gənc alim və mütəxəssislər  üçün “Şuşa İli”nə həsr edilən müsabiqənin nəticələri elan olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan olunub. Sərəncamda qeyd olunduğu kimi, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkan olmaqla, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. “Şuşa İli”nin elan edilməsi Şuşanın tarixi keçmişi, bu günü və gələcəyi ilə əlaqəli kompleks tədbirlərin həyata keçirilməsi üçün böyük əhəmiyyətə  malikdir”.

Akademik  torpaqlarımızı  bizə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə bir ömür borclu olduğumuzu vurğulayıb və bildirib ki,  Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın əsl tarixi siması artıq bərpa olunur,  şəhər sürətlə dirçələrək əvvəlki həyatına qayıdır. Sərəncamdan irəli gələrək “Şuşa İli” ölkəmizdə böyük təntənə ilə silsilə tədbirlər şəklində qeyd edilir.

Baş direktor diqqətə çatdırıb ki, “Şuşa İli” ilə əlaqədar Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alim və mütəxəssislər üçün müsabiqə elan olunub. İnstitut rəhbərliyinin 3 oktyabr 2022-ci il tarixli əmrinə əsasən, xüsusi komissiya yaradılıb və müsabiqədə 29 yaşa kimi olan gənc alim və mütəxəssislər iştirak edib. Müsabiqə komissiyası tərəfindən gənclərin elmi, elmi-təşkilati və ictimai fəaliyyətindəki göstəriciləri və nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilib. Müsabiqənin keçirilmə şərtlərinə və komissiyanın hesablamalarına əsasən, elmi işçi, k.ü.f.d. Elnur Oruclu və elmi işçi Günel Əzimova daha yüksək nəticələr göstərib və qalib olublar.

Sonra akademik Dilqəm Tağıyev tərəfindən müsabiqənin qalibləri diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Akademik qalibləri təbrik edərək onlara gələcək elmi-tədqiqat işlərində uğurlar arzulayıb.

Sonda akademik qeyd edib ki, institutda gənclərin elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə belə müsabiqələr mütəmadi olaraq keçirilir. Baş direktor bildirib ki, Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar olaraq ölkə başçısının Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu münasibətlə institutda bir sıra tədbirlərin, o cümlədən gənclər arasında müsabiqənin keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: