Dekabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli publisist, tanınmış maarifçi və ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş “Ömər Faiq Nemanzadə və epoxası” adlı elmi sessiya keçirilib.
Elmi sessiyanın Prezident İlham Əliyevin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 3 oktyabr 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq keçirildiyini bildirən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ədibin XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardan olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli Ömər Faiq Nemanzadənin Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri olduğunu deyərək, onun Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, inqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq əsərlərinin böyük əksəriyyətində fanatizmə qarşı mübarizə aparıb.
AMEA rəhbəri bildirib ki, görkəmli ədibin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi təqdim olunub.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli “Ömər Faiq Nemanzadənin ictimai-siyasi fəaliyyəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi tarixi-əhəmiyyətli və ağır dövrlərdə öz xalqının, Qafqazın türk əhalisinin maraqlarını müdafiə edən, onun maariflənməsi və çiçəklənməsi naminə həyatını riskə ataraq dəfələrlə həbsə məruz qalan və 1937-ci ildə faciəvi aqibətə qovuşmuş görkəmli maarifçi, mollanəsrəddinçi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin XX əsrin astanasında Qafqaz türk xalqlarının liberal ideyalarının, milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin hərəkətverici qüvvəsi olduğunu bildirib.
Qeyd edilib ki, Ömər Faiq Nemanzadə güllələndikdən sonra liberal dünyagörüşü və türk xalqlarının tərəqqisinə bəslədiyi ümidlərdən dolayı onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilməyib. Ədibin yaradıcılığına ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov münasibət bildirib. Onun həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanılaraq nəşr olunmasına 1980-ci illərin ortalarından sonra başlanılıb.
Elmi sessiyada, həmçinin professor Solmaz Rüstəmova-Tohidi “Ömər Faiq Nemanzadənin ictimai-siyasi baxışları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “Ömər Faiq Nemanzadə çağdaş ədəbiyyatşünaslıqda”, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova “Ömər Faiq Nemanzadə yaradıcılığında dil məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxış edənlər Ömər Faiq Nemanzadənin ev-muzeyinin yaradılması, əsərlərinin kütləvi şəkildə nəşri və orta məktəb dərsliklərinə salınması, gələcək tədqiqatlarda görkəmli publisistin yaradıcılığına yenidən müraciət olunması, irsinin gələcək nəsillər üçün qorunub saxlanılması, ədibin abidəsinin ucaldılması və digər təkliflərini səsləndiriblər.
Daha sonra Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov çıxış edərək, böyük şəxsiyyət Ömər Faiq Nemanzadənin şəxsi keyfiyyətlərindən, ictimai fəaliyyətindən danışıb və ədibə verilən böyük dəyərə görə ailə üzvləri adından minnətdarlığını bildirib.
Tədbir çərçivəsində, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovanın “Ömər Faiq Nemanzadə: həyatı və yaradıcılığı. Sənətkarın elmi passportu-35” adlı kitabının təqdimatı olub.
Bildirilib ki, kitabda Azərbaycan ədəbi-elmi və ictimai fikrinin görkəmli nümayəndəsi, XX əsrdə xalqın milli dirçəlişi, milli şüurun oyanması və formalaşmasında böyük xidmətləri olan Ömər Faiq Nemanzadənin həyat və fəaliyyəti araşdırılıb, istedadlı publisistin zəngin elmi irsi tədqiqata cəlb olunub.
Qeyd edək ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.