Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2022 10:25
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidi Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Vətən müharibəsi şəhidi Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Dekabrın 23-də YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Mərkəzi Elmi Kitabxanası üzrə Ərazi Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığının Zəfər tariximizdəki müstəsna rolundan danışıb.

Sonra YAP Yasamal rayonu Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov şəhid Murad Nağıyevin şanlı həyat yoluna həsr edilmiş tədbirə qatılmış şəhid ailələrini və qonaqları tədbir iştirakçılarına təqdim edib. Zəfər tariximizin qəhrəmanları ilə alimlərin müntəzəm görüşlər keçirdiyini xatırladıb, onların hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Şəhid Murad Nağıyevin qəhrəmanlığının gənc nəslə örnək olduğunu bildirib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva şəhid Murad Nağıyevin həyat yoluna dair mətni iştirakçıların diqqətinə çatdırdıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli film numayiş etdirilib.

Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun və Mərkəzi Elmi Kitabxananın kollektivi ilə yanaşı, şəhid anaları və onların yaxınları, tanınmış kino aktyoru, dramaturq, Murad Nağıyev haqqında sənədli filmin rejissoru Kamran Ağabalayev, “SƏS” media qrupu, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, şəhid Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş kitabın redaktoru, Ə.Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, tanınmış jurnalist Aida Eyvazlı, şəhid Murad Nağıyevin oxuduğu 271 saylı məktəbin direktor müavini Ruxsarə Əlizadə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov və digər iştirakçılar çıxış edərək nümayiş olunan sənədli filmin və “Murad” adlı kitabın ictimaiyyata təqdim olunmasının əhəmiyyətindən, şəhidlik zirvəsinin uca məqamından danışıblar. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə onumuş Zəfər salnaməmizin əbədi olduğunu, xalq-lider birliyinin sarsılmazlığını önə çəkiblər.

Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, şəhid ailələri adından şəhid Fəxrin Qəribzadənin anası Mehparə xanım Qəribzadə çıxış edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın vətənimizin başını uca etdiklərini və bununla bütün xalqmızın fəxr etdiyini bildiriblər.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli qəhrəmanlıq tariximizin elmi əsaslarla öyrənilməsində alimlərin rolunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: