Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2022 12:20
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Dekabrın 27-də AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.

İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, mühüm nəticələrin icraçıları, eləcə də Memarlıq və İnşaat Universitetinin və Bakı Slavyan Universitetinin aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2023-cü ildə onlara cansağlığı və yaradıcılıq uğurları arzu edib.

Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, “Şuşa İli” çərçivəsində bir çox uğurların əldə edildiyini qeyd edib. Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi tədqiqat müəssisələrinin 2022-ci ildəki ümumi statistik məlumatlarını diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə 36 problem, 94 mövzu, 316 işin 168 mərhələsi üzrə elmi tədqiqatlar aparılıb. Onun sözlərinə görə, il ərzində 27 mövzu, 246 iş, 93 mərhələdə tamamlanıb.

Akademik Gövhər Baxşəliyeva hesabat ilində 2044 əsərin nəşr olunduğunu bildirib. Bunlardan 64 kitab (5-i  xaricdə),  66 monoqrafiya (12-si xaricdə), 1456 məqalə (385-i xaricdə), 447 tezis (172-si xaricdə), 12 dərs vəsaiti, 83 məqalənin (“Web of Science”, “Scopus” bazalarında) çap edildiyini diqqətə çatdırıb. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 1316 istinadın qeydə alındığını vurğulayıb.

Akademik Gövhər Baxşəliyeva növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, həmçinin institut əməkdaşlarının işğaldan azad olunmuş Qarabağın Zəfər tarixi, eləcə də Böyük Qayıdışla bağlı görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açıb.

Kərim Şükürov qeyd edib ki, cari ildə elmi müəssisə tərəfindən 2 beynəlxalq elmi konfrans, 3 respublika konfransı, 8 dəyirmi masa, 3 elmi sessiya, 5 elmi seminar və Elmi şuranın 9 iclası keçirilib. Alim Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəcamından irəli gələrək institutda “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq konfransın, eləcə də bir çox respublika səviyyəli tədbirlərin keçirildiyini, kitabların nəşr olunduğunu vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə Tarix İnstitutunda elmi tədqiqat işləri əsas iki istiqamət üzrə aparılıb və 2 mühüm nəticə əldə olunub. O, “Azərbaycan Respublikası tarixi”, “İrəvan necə varsa: keçmişdən bu günə” kitablarını institutun ən mühüm nailiyyətləri adlandırıb, eləcə də qurumun beynəlxalq əlaqələrinə toxunub.

Daha sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hesabatını təqdim edən institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev qeyd edib ki, il ərzində elmi müəssisə əməkdaşları tərəfindən geniş çöl tədqiqatları, eləcə də antropoloji tədqiqatlar aparılıb. Alim cari ildə institutun elmi fəliyyətini Azərbaycanda arxeoloji, etnoqrafik və antropoloji tədqiqatlar istiqamətində davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, cari ildə arxeoloq alimlərin apardıqları əsas arxeoloji tədqiqatlar ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən aparılıb. Hesabat ilində institut əməkdaşlarının Şamaxı rayonu ərazisində yerləşən Orta əsrlərə aid Kəlləxana türbələrində arxeoloji tədqiqat işləri aparıldığını və mühüm nəticə əldə olunduğunu bildirib. Akif Quliyev “İşğaldan azad olunmuş ərazilərdən, xüsusən Ağdam rayonu ərazisində olan Üzərliktəpədə, Füzuli rayon ərazisində yerləşən Yedditəpə kurqanlarında, Şuşa şəhərində aparılan qazıntı işlərinə dair geniş məlumat verib.

Akif Quliyev cari ildə ölkəmizin müxtəlif ərazilərində Azərbaycan-İtalya, Azərbaycan-Almaniya, Azərbaycan-Koreya beynəlxalq ekspedisiyanın fəaliyyət göstərdiyini vurğulayıb.

O, cari ilə Xocavənd-Füzuli ekspedisiyasının Xocavənd rayonunun Edilli və Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri ərazisində I Qarabağ müharibəsi zamanı itkin və əsr düşmüş Azərbaycan vətəndaşlarının axtarışı ilə bağlı qazıntı işləri aparıldığını və skeletlərin aşkar edilərək Əsir və itkin düşmüş, girov götürülmüş  vətəndaşlarla bağlı Dövlət  Komissiyasına  təhvil verildiyini bildirib.

Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun hesabatını təqdim edən elmi müəssisənin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü bildirib ki, cari ildə müəssisənin əməkdaşları çox məhsuldar və səmərəli fəaliyyət göstəriblər.

O, hesabat ilində institutda 412 əsərin çap olunduğunu bildirib. Onlardan 22-si kitab, 345-i məqalədir (53-ü xaricdə). Filologiya elmləri doktoru Ruhəngiz Cümşüdlü institut əməkdaşlarının əsərlərinə 215 istinadın olduğunu vurğulayıb. R.Cümşüdlü hesabat ilində 3 mühüm nəticənin əldə edildiyini, “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” Azərbaycan dilinə transliterasiya və tərcümə, “Tanax”ın üçüncü hissəsi olan “Yazılar” kitabının Azərbaycan dilinə tərcüməsi və şərhlər” kitablarının və “Cənubi Azərbaycan tarixinin oçerki. Ən yeni dövr: 1918-1979” elmi tədqiqat işinin institutun ən mühüm nəticələri sırasında olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin “Şuşa İli” çərçivəsində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı bukletin (Azərbaycan, ərəb, fars, türk, çin, rus və ingilis dillərində) nəşr olunduğunu bildirib.

Cari ildə institutun beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayan alim “Mirzə Kazım bəy - 220” beynəlxalq elmi konfransının keçirildiyini və 5 xarici ölkədən çoxsaylı alimin iştirak etdiyini deyib.  

Hesabat yığıncağında Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə bildirib ki, cari ildə ölkə Prezidentinin “Şuşa İli” ilə əlaqədər Sərəncamına uyğun olaraq, 1 beynəlxalq konfrans, 5 respublika  konfransı, 1 dəyirmi masa keçirilib.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin bir çox elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini bildirib.

Eləcə də “Şuşa İli” çərçivəsində bir sıra kitabların nəşr olunduğunu və “Şuşa Bəyannaməsi” və “Cənubi Qafqazda post-münaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda beynəlxalq, ““Şuşa İli” və milli ideologiyanın həyata keçirilməsində gənclərin rolu”, “Xocalıya ədalət və “Şuşa Bəyannaməsi”nin yeni reallıqları”, ““Şuşa Bəyannaməsi” Ulu Öndərin siyasi irsi kontekstində” elmi konfranslarının keçirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə cari ildə institut əməkdaşlarının nəşriyyat fəaliyyətinin də qənaətbəxş olduğunu vurğulayıb. Hesabat ilində 462 əsərin çap olunduğunu bildirən alim bunlardan 14 kitab, 13 monoqrafiya (7-si xaricdə), 401 məqalənin (116 xaricdə) çap edildiyini qeyd edib.

İqtisadiyyat İnstitutunun icraçı direktoru, iqtisad elmləri doktoru Müşfiq Atakişiyev isə hesabat ilində müəssisənin əsas elmi fəaliyyətinin Azərbaycan Respublikası Prezidentininin Fərman və sərəncamlarına istiqamətləndiyini bidirib. O, xüsusən, “2022-2025-ci illər - Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən bir çox işlərin həyata keçirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Müşfiq Atakişiyev hesabat ilində, həmçinin 4 mühüm nəticənin əldə edildiyini bildirib. Eləcə də cari ildə institut əməkdaşları tərəfindən 259 əsərin, bunlardan 14 monoqrafiyanın, 240 məqalə və tezisin (64-ü xaricdə) çap olunduğunu vuğulayıb. Alim institut əməkdaşlarının beynəlxalq reytinqlər üzrə Nazirlər Kabineti yanında İşçi qruplarda üzv olduğunu, eləcə də institutun 4 pilot layihədə iştirak etdiyini bildirib.

Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı hesabat  ilində elmi tədqiqat müəssisəsində 2 mühüm nəticənin əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, “Ermənistan İsrail dövlətinin Cənubi Qafqaz siyasətində (1991-2021-ci illər)” kitabının nəşri və Qafqazşünasların III Beynəlxalq Forumunun keçirilməsi müəssisənin 2022-ci il üzrə uğurlarındandır.

Alim hesabat ilində institut əməkdaşları tərəfindən 318 əsərin işıq üzü gördüyünü qeyd edib. Bunlardan  9 kitab  (1-i xaricdə), 1 tədris metodiki vəsait, 212 məqalə (50-si-i xaricdə), 96 tezis (66-sı xaricdə), 9 məqalənin “Web of Science”, “Scopus” bazalarında nəşr olunduğunu, əməkdaşların əsərlərinə 41 istinad edildiyini vurğulayıb. AMEA-nın müxbir üzvü Musa Qasımlı “Şuşa İli” çərçivəsində “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransının keçirildiyini və materiallarının çap olunduğunu, həmçinin “Qafqazşünaslığın aktual problemləri” məqalələr məcmuməsinin “Şuşa İli”nə həsr edildiyini qeyd edib. Bununla yanaşı, alim cari ildə Qafqazşünaslıq İnstitutunun beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdırıb. O, cari ildə AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının  132 beynəlxalq elmi konfransda, 31 respublika elmi konfransında məruzə etdiklərini bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova cari ildə də muzey əməkdaşlarının məhsuldar işlədiklərini bildirib. Onun sözlərinə görə, muzey əməkdaşları tərəfindən cari ildə 151 əsər çap olunub. Bunlardan 1 kitab xaricdə, 3 monoqrafiya (1-i xaricdə), 148 məqalə və tezisin (32-si xaricdə) çap olunduğunu qeyd edib.

Tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “Xarıbülbülün vətəni - Şuşa” sərgisinin, “Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)” kataloqunun, “Azərbaycanda İslam mədəniyyəti (VII-XIII əsrin əvvəlləri)” monoqrafiyasının muzeyin əsas mühüm nəticələrindən olduğunu diqqətə çatdırıb. Alim, həmçinin muzeydə fəaliyyət göstərən 3 klubdan birinin - Gənc muzeyşünaslar və muzeysevərlər klubunun “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində ali məktəb tələbələri ilə birgə ölkəmizin müxtəlif muzeylərini ziyarət etdiklərini, ermənilər tərəfindən qarət olunmuş və viran edilmiş maddi mədəniyyət nümunələri haqqında məlumatların verildiyini bildirib.

Sonra iclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədova və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun böyük laborantı, rəssam Cəmaləddin İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub. Bundan əlavə, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri doktoru Nərgiz Əliyeva bölmənin Fəxri fərmanı ilə təltif edilib.

Sonda İctimai Elmlər Bölməsinin 7 elmi-tədqiqat müəssisəsinin 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: