Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2022 22:08
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin illik Ümu­­mi yığıncağı keçirilib

Kimya Elmləri Bölməsinin illik Ümu­­mi yığıncağı keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsinin illik Ümu­­mi yığıncağı keçirilib. Yığıncaqda bölmənin institutlarının 2022-ci il üzrə illik hesabatları dinlənilib.

Tədbirdə AMEA-nın vit­se-prezidenti, akademik Dilqəm Tağıyev, bölmənin üzvləri, ali təhsil müəssisələrinin kimya fakültələrinin dekanları, elmi müəs­sisələrin rəh­­bər­ləri, elmi katiblər, Gənc Alim və Mütəxəssislər şuralarının və Həmkarlar komitələrinin sədrləri, Təhsil şöbələrinin müdirləri və mühüm elmi nəticələrin əsas icraçıları iştirak edib­lər.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev iclasın Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2022-ci ildə aparılmış elmi-tədqiqat işlə­ri­nin ye­kunlarına və alınmış mühüm nəticələrə həsr olunduğunu bildirib.

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair məlumat verən institutun icraçı direktoru Nizami Mürsəlov bildirib ki, alınmış 11 mühüm elmi nailiyyətlərdən biri parafinli neftlərin çıxarılması zamanı asfalt-qatran-parafin çökmə və bu səbəbdən də mədəndaxili nəql kəmərlərində təzyiqin artmasının qarşısını almaq üçün üzvi turşular əsasında yeni reagent yaradılmasıdır. Bu reagent asfalt-qatran-parafin çökmənin qarşısını almaqla yanaşı, neftin özlülüyünü kəskin azaldır, donma temperaturunu aşağı salır, neftin susuzlaşdırılması prosesini asanlaşdırır.

Sonra o qeyd edib ki, cari ildə institut əməkdaşları tərəfindən 454 material çap olunub, bunlardan 112-si məqalə (55-i xaricdə), 333-ü məruzələrin tezisləri (39-u xaricdə), 3-ü monoqrafiya, 3-ü kitab, 1-i biblioqrafiya, 2-si tezislər toplusudur.

Cari il ərzində bir iş tətbiq olunub - quyularda və neftçıxarma borularında asfalt, qatran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka A “Parkorin-22”) və dizel distilatı, yüngül fleqma, təbii neft turşularının törəmələrinin qarışıqları əsasında (Marka B “Parkorin-22”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil edilib. “İNKOR” MMC-də 01.11.2022-ci il tarixinə qədər 18,65 ton “Parkorin-22 A” inhibitor-depresant və 1 ton “Parkorin-22” parafinçökmə inhibitorunun işçi məhlulu istehsal edilərək Salyan Oil Limited şirkətinə təhvil verilib.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədər institutun mövzu planına əsasən Qarabağ ərazilərindəki meşələrdə məhv olmuş və qocalmış ağac qalıqlarının torrefikasiya prosesi tədqiq olunub. 7 işin tətbiqi hazırda davam etdirilir.

İl ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universitetin III və IV kurs tələbələri (120 nəfər) NKPİ-nin laboratoriyalarında təcrübə keçiblər. İnstitutda hazırda 12 magistrant neft kimyası, nanomateriallar kimyası, ekologiya, nanokimyanın əsasları, polimer kimyası, həyat fəaliyyətinin təhlükəsizliyi, neftin emala hazırlanması və başqa fənlər üzrə təhsil alır və tədqiqatların aparılmasında iştirak edir.

Qeyd olunub ki, ADNSU-nun institutda “Neftin, qazın kimyası və emalının texnologiyası” adlı baza kafedrası fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əlaqələr mövcuddur.

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı cari ildə aparılan elmi-tədqiqat işləri nəticəsində 10 mühüm nəticənin əldə edildiyini bildirib.

Qeyd edilib ki, alüminium və nadir elementlərin istehsal bazasını artıran yeni “Alunit şlamı kaolinit texnologiyası” işlənib hazırlanıb. Mövcud texnoloji proseslərdən fərqli olaraq, gillərin dəmirdən təmizlənməsi emalın ilkin mərhələsində aparılır. Alınan alüminiumlu məhsulun alunitin emal məhlullarına əlavə edilməsi tövsiyə olunur.

Cari il ərzində iki iş tətbiq olunub - Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi-tədqiqat işləri nəticəsində adı çəkilən SES-lərin hidrotexniki qurğularının (HQ) su mühitində korroziya sürətləri təyin olunub, SES-lərin su hövzələrinin kimyəvi və bakterioloji tərkibi müəyyənləşdirilib. Məlum olub ki, hər iki SES-in sularında sulfat reduksiyaedici bakteriyalar mövcuddur və onların həyat fəaliyyəti HQ-ların avadanlıqları üçün real təhlükə yaradır.

Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Torpaqşünaslıq və Aqrokimya institutları arasında imzalanmış müqaviləyə görə yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında alınan üzvi kompleks gübrə Saatlı rayonunun pambıq sahələrində tətbiq edilib.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədər ərazilərdə olan hidrotexniki qurğuların korroziya vəziyyətinin, su və torpaqların ağır metallarla çirkləndirilməsinin monitorinqi, təbii sərvətlərin istismar imkanlarının araşdırılması institut tərəfindən nəzərdə tutulur.

Cari ildə müəssisə əməkdaşlarının 5 monoqrafiyası, 1 kitabı, 3 dərslik, 1 biblioqrafik göstəricisi, 178 məqalə, o cümlədən xaricdə 104 məqalə, “Web of Science”, “Scopus” bazalarında 111 məqaləsi çap olunub,­­­­­­ 8 patent və 3 qrant alınıb. Bu il alimlərin əsərlərinə 1900 istinad olunub.

İnstitutda 2015-ci ildə açılmış iki beynəlxalq laboratoriya, İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi (DİPC) ilə birgə “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Mate­riallar” və Almaniyanın Berlin Texniki Uni­ver­­siteti, Böyük Britaniyanın Huddersfild Universiteti və Be­larusun Minsk İstilik və Küt­lə Dəyişməsi İnstitutu ilə “Neft mən­şəli kaus­tobiolitlərdən alınan na­no­karbon ma­te­­rialları əsasında kata­li­za­tor­ların sinte­zinə və tətbiqinə dair fun­da­men­tal tədqi­qatlar” (İNTERLABCAT) beynəlxalq labora­to­ri­yaları öz fəaliyyətlərini uğurla davam etdirib.

“Şuşa İli” çərçivəsində dekabrın 9-da institutda gənc alim və tədqiqatçıların müsabiqəsi keçirilib. Müsabiqədə yüksək nəticə göstərdiklərinə görə elmi işçi G.Əzimova və k.ü.f.d. E.Oruclu mükafat və sertifikatlarla təltif olunublar.

Aşqarlar Kimyası İnstitutunun 2022-ci ildəki hesabatını təqdim edən müəssisənin icraçı direktoru Əfsun Sucayev bildirib ki, müəssisənin əməkdaşları tərəfindən  5 mühüm nəticə əldə edilib. Onlardan biri - Türkiyənin Atatürk, Bartın, Səudiyyə Ərəbistanının Kral Səid universitetlərinin  alimləri ilə müştərək beynəlxalq tədqiqatlar çərçivəsində sintez olunan N-benzil- və N-allilanilinin yeni törəmələri canlı orqanizmdə asetilxolineseraza (AChE), butirilxolinesteraza (BChE) enzim, Karbon Anhidraz I və II (CA I, II) izoenzimlər üzrə yüksək inhibitor xassəsi göstəriblər. Aparılan çoxsaylı analizlər, o cümlədən “Molekulyar dokinq” tədqiqatları nəticəsində məlum olub ki, gələcəkdə bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, onikibarmaq bağırsaq və mədə xoraları və qlaukoma xəstəliklərinə qarşı potensial dərman maddələri kimi istifadə oluna bilər.

Cari il ərzində iki iş tətbiq olunub - institut tərəfindən yaradılmış və “Aşqar” Elmi İstehsalat Birliyində istehsal edilən, yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Səngəçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunan “Depressator-AKİ” aşqarının istehsalı institutun vaxtaşırı müəllif nəzarəti altında davam etdirilir və ildə min tonlarla ARDNŞ-ə təqdim olunur.

İnstitut tərəfindən yaradılmış və Heydər Əliyev adına Neft Emalı Zavodunda istehal olunan gəmi dizelləri üçün M-12ВБ markalı mator yağının komponent tərkibində bəzi dəyişiklik etməklə qeyd olunan mator yağının istismar xassələri xeyli yaxşılaşdırılıb.

Müəssisənin əməkdaşları tərəfindən il ərzində 42 məqalə (xaricdə 20, impakt faktorlu jurnallarda 26), 2 monoqrafiya çap olunub, 4 patent alınıb. İnstitut alimlərinin məqalələrinə 326 istinad edilib.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədər institut Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, eləcə də Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrası alimləri ilə birlikdə Qarabağın müalicəvi bitkilərinin ekstraktından alınan təbii fizioloji fəal maddələrin müxtəlif patoloji prosesləri doğuran fermentlərin inhibitoru kimi tədqiqi və onlar əsasında bioloji əlavələrin yaradılması istiqamətində nəzəri araşdırmalara başlayıb. Ərazilər minalardan tam təmizləndikdən sonra oradan toplanacaq dərman bitkiləri əsasında təcrübi tədqiqatlar aparılacaq. Eyni zamanda həmin dərman bitkilərindən alınacaq ekstraktlar üzərində Türkiyənin Bartın Universitetində müştərək elmi araşdırmalar yerinə yetiriləcək.

2022-ci ildə institutda yaradılmış Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasının filialının fəaliyyəti davam etdirilir. Bakı Dövlət Universitetindən magistrantlar diplom və kurs işlərini burada yerinə yetirirlər. Eyni zamanda Bakı Dövlət və Bakı Mühəndislik universitetlərinin və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimləri ilə fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara birgə elmi rəhbərlik davam etdirilir.

Hesabat dövründə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutu, Bakı Mühəndislik Universiteti və ABŞ-ın Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi ilə birlikdə müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə N-əvəzli tiokarbamidlərin metal komplekslərinin sintez reaksiyasının nəzəri və təcrübi mexanizminin tədqiqi ilə bağlı müştərək beynəlxalq tədqiqatlar davam etdirilib.

Polimer Materialları İnstitutunun 2022-ci ildəki hesabatını təqdim edən müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov qeyd edib ki, institutda cari ildə aparılan elmi-tədqiqat işləri 6 mühüm elmi nəticə ilə yekunlaşıb. Etilen-heksen birgəpolimeri, random polipropilen, etilen-propilen blok birgəpolimeri, butadien-stirol elastomeri, maleinləşdirilmiş polipropilen, texniki karbon və mis nanohissəcikləri əsasında elastikliyi ilə fərqlənən yeni tip çoxfunksiyalı termoelastoplastik nanokompozitlər alınıb. Elektrikkeçirici nanokompozitlər elektronikada fotoelektrik generatorların, batareyaların, üzvi günəş elementlərinin, işıq diodlarının, elastik və şəffaf  displeylərin, elektromaqnit ekranların yaradılmasında istifadə oluna bilər.

Polimer Materialları İnstitutunda 2022-ci ildə yeni fizioloji aktiv funksional monomerlərin, polimerlərə müxtəlif təyinatlı əlavələrin, tənzimlənən quruluşlu bioloji fəal, istiliyə və odadavamlı, elektroaktiv, şüalara qarşı həssas, bioloji dağılan və optiki şəffaf polimer materialların, smart polimer materialların, polimer-polimer kompozisiyaların və hibrid polimer nanokompozisiyaların yaradılması istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilib.

İnstitutun alimləri Rusiya, Bolqarıstan, Belarus və Gür­cüstanın elmi müəssisələri ilə əməkdaşlıq edirlər.

İl ərzində 63 məqalə (xaricdə 18, impakt faktorlu jurnallarda 41) və 2 kitab çap olunub, 4 patent alınıb. İnstitut alimlərinin məqalələrinə 30 istinad edilib.

İclasda hesabat məruzələri ətrafında aparılan müzakirələrdə akademiklər - Abel Məhərrəmov, Vaqif Abbasov və Adil Qəribov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda KEB-in Ümumi yığıncağı Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2022-ci ildə apa­rıl­mış elmi-tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: