Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2022 10:15
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə əlaqədar nitqindən irəli gələrək AMEA-nın vəzifələri müzakirə olunub

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə əlaqədar nitqindən irəli gələrək AMEA-nın vəzifələri müzakirə olunub

Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyətində və elmi müəssisələrində həyata keçiriləcək tədbirlər və nəşrlər haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Elmlər Akademiyasında həyata keçiriləcək tədbirlərlə bağlı Rəyasət Heyətinin iclaslarında bir sıra müzakirələr aparılıb, Akademiyanın respublika miqyasında, eləcə də AMEA və onun tabeliyində olan müəssisələrdə həyata keçiriləcək Tədbirlər planı təsdiqlənib.

AMEA rəhbəri, həmçinin “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması üzrə İşçi qrupun fəaliyyətə başladığını diqqətə çatdırıb.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi konfranslar və həyata keçiriləcək nəşrlər üzrə Tədbirlər planları təsdiqlənib.

İclasda, həmçinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı məsələ müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması üçün digər dövlət orqanları ilə bərabər, AMEA əsas icraçı qurumlardan biri olaraq müəyyənləşdirilib. AMEA rəhbəri bildirib ki, Rəyasət Heyətinin növbəti iclasında Sərəncamın icrası ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə Strategiyanın Tədbirlər planının AMEA-nın əsas icraçı olduğu “elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi” adlı 3.1.5. saylı fəaliyyət istiqamətinə aid “elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılması” ilə bağlı 2-ci bəndinin icrası üçün digər icraçı qurumların nümayəndələrini cəlb etməklə İşçi qrup yaradılıb.

İclasın gündəliyindəki növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə əlaqədar nitqi və AMEA-nın vəzifələri haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər dövlət qurumları, o cümlədən AMEA-nın qarşısında da bir sıra vəzifələri, tapşırıq və tövsiyələri ehtiva edir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini AMEA alimlərinin tam dəstəklədiyini söyləyən akademik İsa Həbibbəyli bu sənədin dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağını bildirib: “Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə müstəqil Azərbaycan Respublikasının strategiyasını əks etdirir”.

Həmçinin qeyd edib ki, konsepsiyanın ana müddəaları – sülhsevər olması və beynəlxalq hüquqa tam cavab verməsi dövlət başçısının nitqində dəqiq və aydın şəkildə ifadə olunub: “Konsepsiyanın sülhsevər və beynəlxalq hüquq normalarına uyğun gəlməsi bizim istiqamətlərimizi müəyyən edir. Ermənilər Qərbi Azərbaycanda bizə məxsus maddi-mədəniyyət abidələrini, qəbirləri, kəndlərimizi dağıdıb, yer adlarını dəyişib, özlərinə xas saxtakarlıqla azərbaycanlıların izlərini itirməyə cəhd ediblər və bütün bunların bərpasına elmin dəstəyi lazımdır. Təkcə Yasin Azərtürkün müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabda Qərbi Azərbaycanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə saxtalaşdırılan bizə məxsus 738 yer adının siyahısı əksini tapıb. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-nin dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər. Biz bu sənədlərin hamısını əldə etməliyik”.

Dövlət başçısının nitqindəki Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsinə və dost ölkələrdən alimlərin, arxeoloqların, tarixçilərin dəvət edilməsinə AMEA-nın dəstəyini ifadə edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının dərin məzmunlu çıxışı bütün digər sahələrlə yanaşı, humanitar və ictimai elmlər, tarixşünaslıq, arxeologiya, mədəniyyətşünaslıq, dilçilik, folklorşünaslıq, sosiologiya, sosial antropologiya, fəlsəfə kimi elmlərin qarşısında yeni vəzifələr qoyur. AMEA rəhbəri Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı bu günə kimi bir çox tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, lakin görülən işlərin sistemli və məqsədli şəkildə olmadığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısının tapşırıqlarından irəli gələrək, bu istiqamətdə Akademiyada həyata keçiriləcək tədqiqatların keyfiyyətini artırmaq və sistemləşdirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq şöbələr yaradılacaq. Məruzəçinin sözlərinə görə, Akademiyanın qarşısında Qərbi Azərbaycan tarixi, folkloru, ədəbiyyatı, dialektologiyası, fəlsəfəsi, maddi-mədəniyyət nümunələrinin tədqiqi, beynəlxalq konfransların keçirilməsi, xaricdə məqalələrin çapı istiqamətində mühüm vəzifələr dayanır. AMEA rəhbəri Rəyasət Heyətinin növbəti iclaslarında Akademiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini və ölkə başçısının tapşırıqlarının alimlərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetiriləcəyini bildirib.

Dövlət başçının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev mövzu ilə əlaqədar çıxışında bildirib ki, ölkə başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhsevər bir konsepsiyadır və Azərbaycanın iddiası yalnız mədəni iddiadır. Akademik qeyd edib ki, Qərbi Azərbaycanda tarixən bizə məxsus mədəniyyət nümunələri, tarixi abidələr, müqəddəs yerlər, qəbirlər dağıdılıb və onların bərpası istiqamətində elmin qarşısında böyük vəzifələr dayanır.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov isə rəhbərlik etdikləri müəssisələrdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar barədə məlumat veriblər.

Daha sonra qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Həmçinin Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb.

İclasda akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri  Assosiasiyasına (AASSA) tam səsvermə hüququ olan üzv qəbul edilməsi haqqında da məlumat verib. Bununla əlaqədar AASSA-nın prezidenti vəzifəsini icra edən professor Dr. A.Nuri Yurdusevin məktub göndərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu, AMEA-nın rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur.

AMEA rəhbəri, o cümlədən Avropa Akademiyaları Assosiasiyasına da üzvlüklə bağlı müraciət edildiyini bildirib.

Akademik İsa Həbibbəyli, o cümlədən AMEA-nın nümayəndə heyətinin Pakistan İslam Respublikasına işgüzar elmi səfərinin nəticələri haqqında da məlumat verib. Bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Lahor Dövlət Kollec Universitetində bir sıra görüşlər keçirib və sözügedən universitetdə Azərbaycan-Urdu Elmi Mərkəzinin açılışı baş tutub. Bundan əlavə, universitetdə “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib və tədbirin sonunda Lahor Dövlət Kollec Universitetinin professor-müəllim heyəti və tələbələri Qarabağda ekoloji terrora qarşı keçirilən aksiyalara öz həmrəyliklərini bildiriblər. Həmçinin urdu dilində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının və “Kitabi-Dədə Qorqud” eposunun təqdimatı keçirilib. Akademik İsa Həbibbəyli səfərin Azərbaycanla Pakistan arasında elmi-mədəni əlaqələrin inkişafına və güclənməsinə öz töhfəsini verəcəyini söyləyib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinə elmi ezamiyyətinin nəticələri haqqında məlumat verib. Akademik Dilqəm Tağıyev Novosibirskdə “Avrasiya transsərhəd iqtisadi və elmi-texniki qarşılıqlı əlaqələr” II beynəlxalq konfransında iştirak etdiyini, bir sıra məhsuldar müzakirələrin aparıldığını və tədbir iştirakçılarının Akademparka ekskursiyasının baş tutduğunu, buradakı texnoparkların fəaliyyəti ilə tanış olduğunu diqqətə çatdırıb, həmçinin 2024-cü ildə keçiriləcək III beynəlxalq konfransa dəvət edildiyini bildirib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb. Akademik Əli Abbasovun 70, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanovun isə 90 illik yubileyi haqqında qərar qəbul olunub.

Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: