Tarixi mənbələrə əsasən, XIV əsrdə Səfəviyyə təriqəti şeyxi Şeyx Sədrəddin Ərdəbili (1334-1391) tərəfindən yaradılan Şeyx Səfi Kitabxanası Şərqin ən zəngin və nadir kitab fonduna malik kitabxanalarından biri olub. Səfəvi-Qızılbaş sufilərinin müqəddəs ocağı olan Şeyx Səfi Məqbərə Kompleksi və bu kompleksdə yerləşən kitabxana müqəddəs məkan olaraq vəqf torpaqlarına daxil idi. Bu baxımdan kitabxana həmişə toxunulmaz qalmış, müntəzəm olaraq nadir əlyazmalar hesabına zənginləşmişdir.
Azərbaycan Səfəvi hökmdarı I Şah İsmayıl Səfəvi hakimiyyəti dövründə (1501-1524) bu kitabxanaya qiymətli kitablar bağışlamışdı. 1510-cu ildə Mərv qələbəsindən sonra Xorasan bölgəsinin mədəniyyət mərkəzi olan Herat şəhəri ələ keçirildiyi zaman Herat xəttatlıq məktəbinə aid olan ən qiymətli əlyazmalar Ərdəbil kitabxanasına gətirilmişdi.
Tarixi mənbələrə görə, 1607-ci ildə Azərbaycan hökmdarı Şah I Abbas Şeyx Səfi Kitabxanasına çox sayda kitab bağışlamışdı.
1637-ci ildə Azərbaycana gəlmiş Qolşteyn Hersoqunun elçisi Adam Oleari Ərdəbildə olarkən Şeyx Səfi Kitabxanası ilə tanış olmuşdu. O, öz xatirələrində məqbərə kitabxanasının zəngin fonda malik olduğunu qeyd edərək yazırdı: "... Şeyx Səfi Kitabxanasında türk, ərəb, fars və digər dillərdə yazılan yüzlərlə kitab mövcuddur. Bu kitablar həm məzmunu, həm də tərtibi nöqteyi-nəzərindən dünyanın nadir kitablarındandır...".
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycana yönəlik işğalçılıq siyasəti təkcə ərazi işğalı ilə deyil, eyni zamanda tarixi-mədəni dəyərlərin işğalı ilə də xarakterizə olunurdu. Hələ XIX əsrin əvvəllərində rus şərqşünaslarının Azərbaycan kitabxanalarında olduqca qiymətli nadir kitablar saxlanması haqqında ətraflı məlumatları var idi. Onlar bu qiymətli xəzinənin əldə edilməsinə xüsusi diqqət yetirirdilər. Ərdəbildə saxlanılan bu qiymətli kitabların əldə edilməsinin vacibliyi haqqında çarı məlumatlandıran şərqşünas alim, rus diplomatı Qriboyedovun dostu Osip Senkovski idi. İ.K.Yenikolopov "Qriboyedovun həyatı" adlı əsərində göstərirdi ki, "1827-ci ildə şərqşünas Osip Senkovski rus qoşunlarının baş qərərgahının rəisi Qraf Dibiçə Persiya kitabxanalarında saxlanılan nadir Şərq əlyazmalarının əldə edilməsi haqqında bir layihə təqdim edir. Qraf Dibiç Senkovskinin layihəsini Qafqaz canişini Paskeviçə göndərib xahiş edir ki, bu məsələni nəzərdən qaçırmasın və göstərilən əlyazmaları axtarıb tapmağı, ümumiyyətlə, qiymətli əsərlərin yerini öyrənməyi Qriboyedova tapşırsın". Bu işə böyük əhəmiyyət verən rus diplomatı Aleksandr Qriboyedov uzun axtarışdan sonra istəyinə nail olur. Şeyx Səfi məqbərəsində qiymətli əlyazmaların saxlandığı haqqında məlumat əldə edən Qriboyedov hansı yolla olur-olsun bu qiymətli kitab xəzinənin ələ keçirilməsinə çalışır.
İlkin olaraq rus diplomatı Qriboyedov Qacar hökumətinin nümayəndələri ilə apardığı rəsmi danışıqlarda bu məsələni gündəmə gətirir. Lakin Ərdəbil kitabxanasında saxlanan nadir əlyazmaların dini və elmi əhəmiyyətinə yaxından bələd olan vəliəhd Abbas Mirzə hər vəchlə əlyazmaların ruslara verilməsindən imtina etməyə çalışır. Abbas Mirzə Qriboyedova xitabən söyləyir ki, "Allah xatirinə, deyin görüm, sizin çarınız bu kitabları niyə istəyir? Sizi əmin edirəm ki, bu kitablar son dərəcə mürəkkəb, darıxdırıcı və yorucu qiraət üslubunda yazılmışdır. Çar belə kitablarla maraqlanırsa, ona ən yaxşı yeni və dəbli tarixi kitablar sifariş verə bilərəm".
Şeyx Səfi Kitabxanasını danışıqlar yolu ilə əldə edə bilməyən ruslar Ərdəbil şəhərini işğal edərək orada olan kitabxananı ələ keçirmək üçün Qarabağda xüsusi qoşun dəstəsi yaradır və bu dəstəyə rus generalı Suxtelin komandan təyin edilir.
1828-ci il yanvarın 25-də rus qoşunu Ərdəbil şəhərinə daxil olur. Əhalinin etirazlarından ehtiyat edərək Şeyx Səfi Kitabxanasında saxlanılan əlyazmaları ələ keçirmək üçün zor tətbiq etməkdən çəkinən rus generalı Suxtelin hiyləyə əl atır. Tarixi əsərlərdə verilən məlumatlarda qeyd edilir ki, "Rus generalı Suxtelin yerli ruhaniləri çağırıb onlara bildirdi ki, çar öz müsəlman təbəələri haqqında daha çox öyrənmək istəyir. Əgər razılaşsanız, bu kitabxananı Sankt-Peterburqa köçürəcəklər və əlyazmaların surətini çıxardıqdan sonra əslini geri qaytaracaqlar. Generalın təzyiqləri nəticəsində ruhanilər bununla razılaşdılar. Lakin Suxtelin sözünə əməl etmədi və aparılan kitablar geri qaytarılmadı".
Fevral ayının əvvəllərində ələ keçirilən yüzlərlə əlyazma iki piyada rus alayının müşayiəti altında furqonlarda Tiflisə göndərilir.
Tiflisdə Ərdəbil Kitabxanasından ələ keçirilmiş nadir əlyazmaların siyahısı tərtib edilir və qiymətli əsərlər Sankt-Peterburqa göndərilir. Güman edilir ki, siyahının tərtibində Azərbaycan tarixçisi A.A.Bakıxanov da iştirak etmişdir. Bu kitablar o dövrdə Sankt-Peterburq İmperator Kitabxanasına (indiki M.Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanasına) verilmişdi.
Məlumatlara görə, Şeyx Səfi Kitabxanasında mövcud olan minlərlə əlyazma içərisindən 114 nəfis və nadir nüsxə Rusiyanın Sankt-Peterburq kitabxanasına göndərilmişdir. Bəzi qaynaqlarda verilən məlumatlardan aydın olur ki, Ərdəbil Kitabxanasından ələ keçirilən əsərlərin bir qismi Tiflisə aparılarkən yolda baxımsızlıq ucbatından məhv olmuşdur.
Şeyx Səfi Kitabxanasında minlərlə kitabın və qiymətli əsərlərin mövcud olması haqqında ümumi məlumatlar verilsə də, kitabların dəqiq sayı haqqında məlumatlar yox dərəcəsindədir.
Türkiyə Cumhuriyyəti Osmanlı Arxivində (BOA) saxlanan XVIII əsrdə tərtib olunmuş bir siyahıda Ərdəbil kitabxanasında mövcud olmuş 744 kitab haqqında məlumata rast gəlinir. Bu kitabların adları çəkilməsə də, hansı sahələrə aid olduğu qeyd edilmişdir. Siyahıda "Qurani-Kərim" və təfsirlə əlaqəli 582 kitab, ümumi xarakter daşıyan dini elmlərlə bağlı 6 kitab, tarixi əsərlər - 27 kitab, ədəbiyyat və divan ədəbiyyatı - 20 kitab, maliyyə-vergi sahəsinə aid 91 kitab, ümumi xarakter daşıyan 18 kitab vardır.
Tarixi əsərlərdə verilən məlumatlardan məlum olur ki, Şeyx Səfi Kitabxanasında həyata keçirilən talançılığın ikinci mərhələsi Məşrutə inqilabı dövrünə (1905-1911) təsadüf edir. 1911-ci ildə rus qoşunu Təbriz şəhəri ilə yanaşı, Ərdəbil şəhərini də zəbt edərək Şah İsmayıl Səfəvi və onun əcdadlarının məzarlarını qarət etmiş, son dərəcə qiymətli xalçalar, "Qurani Kərim"in nüsxələri və digər nəfis əlyazmalar talan edilərək Rusiyaya aparılmışdır.
Qeyd edək ki, çar Rusiyası dövründə ələ keçirilərək, Sank-Peterburqa aparılan nadir əlyazmalar kitabxanadakı mövcud əsərlərin bir hissəsi olmuşdur. Çünki Ərdəbil kitabxanasında qalan digər əlyazmalar 1935-ci ildə fars-pəhləvi rejiminin xüsusi göstərişi ilə Tehrana aparılmış, hazırda Tehranda yerləşən "Muzeyi İran - Bastan"da saxlanılır. Farslar tərəfindən müsadirə olunaraq Tehrana aparılan əlyazmaların ümumi həcmi 80 sandıq göstərilir. Bu, yüzlərlə kitab deməkdir. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, pəhləvi - fars rejiminin Azərbaycan tarixini kompleks şəkildə saxtalaşdırması prosesinə əsasən 1935-ci ildən etibarən başlanılmışdır.
1991-ci ildən sonra İran rəsmilərinin müraciəti əsasında Rusiyada saxlanılan Ərdəbil əlyazmalarının bəzilərinin mikrofilmi İrana təhvil verilmişdir.
Hazırda Azərbaycan tarixinə, etno-mədəni irsinə, dilinə qənim kəsilən İran molla rejiminin Tehran kitabxanalarında saxladığı bu qiymətli əlyazmalara münasibəti müəmmalı olaraq qalır.
Xüsusi olaraq qeyd edək ki, hər bir millətin tarixi, milli-mədəni dəyərləri zaman-zaman yazıya alınan əsərlərdə, əlyazmalarda öz əksini tapmışdır. Təəssüflər olsun ki, bizim gerçək tariximizi əks etdirən və çox ehtimal ki, ana dilimiz - Azərbaycan dilində olan bu əsərlər müxtəlif dövrlərdə Azərbaycandan kənara çıxarılaraq bu gün də gizli arxivlərdə saxlanılmaqdadır. Şeyx Səfi Kitabxanası əlyazmaları da bu acı taleyi yaşayan əsərlər siyahısında yer almaqdadır. Hazırda bu nadir əlyazmaların bir hissəsi Rusiya Milli Kitabxanasında, digər qismi isə İran kitabxanalarında gizli şəkildə saxlanılır və əlyazmaların saxlandığı kitabxanaların qapıları tədqiqatçıların üzünə bağlıdır. Acınacaqlı hal odur ki, bu əsərlərin taleyi haqqında heç bir məlumat yoxdur.
Biz gerçək Azərbaycan tarixini, tarixi-mədəni dəyərlərimizi obyektiv şəkildə öyrənmək istəyiriksə, mütləq şəkildə islamaqədərki tariximizin oğurlanaraq gizlədildiyi Ermənistanın Matenadaran-Mesrop Maştots adına İrəvan Əlyazmalar və sənədlərin qorunma və tədris mərkəzində saxlanılan qiymətli əlyazma nüsxələrindən, həmçinin Rusiya və İranda bağlı qapılar arxasında saxlanılaraq hazırda taleyi bəlli olmayan Şeyx Səfi - Ərdəbil Kitabxanasından istifadə etmək imkanlarına malik olmalıyıq.
Şeyx Səfi-Ərdəbil Kitabxanası əlyazmalarının Azərbaycan tarixi və ədəbi-mədəni nümunələrinin gerçək tədqiqi üçün əhəmiyyətini nəzər alaraq, Azərbaycan alimləri tərəfindən bu əsərlərin tədqiq olunmasına imkan yaradılması və nadir əlyazmaların Azərbaycana gətirilməsi istiqamətində Rusiya və İranın müvafiq elmi-tədqiqat qurumları qarşısında məsələ qaldırılması olduqca vacibdir.
Mübariz AĞALARLI, ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru
“Azərbaycan”qəzeti