Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin fonduna XX əsrin əvvəlinə aid “Qodu” gəlinciyi daxil olub
26.01.2023 18:20
  • A-
  • A
  • A+

Tarix Muzeyinin fonduna XX əsrin əvvəlinə aid “Qodu” gəlinciyi daxil olub

Azərbaycan xalqının zəngin mənəvi mədəniyyətində adət-ənənələrimizlə bağlı mərasimlər mühüm rol oynayır. Şifahi ənənə əsasında yaranan, yaşayan və şifahi şəkildə də nəsildən-nəslə ötürülən xalq mədəniyyətinin arxaik qolları və janrları dünya xalqlarının əksəriyyəti üçün ümumi olan ortaq ibtidai təsəvvürləri və mifoloji görüşləri əks etdirir. Bu amil ətraf aləmlə bağlı ilkin təsəvvürlərin əks olunduğu mövsüm mərasimlərində özünü daha qabarıq şəkildə göstərir. Məlumdur ki, mövsüm mərasimlərinin başlıca mahiyyəti ilin ayrı-ayrı fəsillərində söz, musiqi və xüsusi hərəkətlər vasitəsilə təbiətə ovsunlayıcı təsir göstərmək və təbiəti insanın istəyinə uyğun addım atmağa sövq etməkdir. Belə mövsüm mərasimlərinin ən geniş yayılanlarından biri “Qodu-qodu” mərasimidir. Əsasən “Qodu-qodu” və “Qordi-qordi” adları ilə Azərbaycan türkləri və avarlar arasında keçirilən bu mərasimdə yağışın kəsməsinə, Günəşin çıxıb havanın isti keçməsinə nail olmaq məqsədi güdülürdü. Bəzədilmiş gəlincik və yaxud çömçə məhz “Qodu” adlanırdı. Uşaqlar boynuna kəhrəba boyunbağı salınmış bir gəlinciyi və yaxud müxtəlif cür bəzədilmiş bir çömçəni ev-ev gəzdirə-gəzdirə oxuyurmuşlar.

Təqdim etdiyimiz XX əsrin əvvəlinə aid gəlincik də belə obrazlardan olan əl işidir. Gəlincik mis boru üzərində formalaşdırılaraq, üz cizgiləri saplarla tikilib, bəzədilməsində isə milli geyim nümunələri və başqa bəzək əşyalarından istifadə edilib. Üst geyimində zoğalı və yaşıl rəngli zərxara parçadan arxalıq, bel geyimində 5 qat müxtəlif parçalardan tuman geyindirilib. Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. Əllərinə səsli qumrovlar, örtük üzərindən başın arxa hissəsinə də təbii daşlar tikilib.

MilliAzərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fonduna yeni daxil olan belə gəlinciklərdən vaxtilə zəngin ailələrin uşaqları da oyuncaq kimi istifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: