Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.01.2023 10:12
  • A-
  • A
  • A+

Filosof alim Xatirə Quliyevanın “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb

Filosof alim Xatirə Quliyevanın “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb. Kitab Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib.

Xatirə Quliyevanın yeni kitabına onun yaxın illərdə, o cümlədən “Şuşa İli”ndə ölkədə və xaricdə çap olunmuş elmi əsərləri daxil edilib. Kitabda alimin “Böyük inamın təsdiqi”, “Azərbaycanın Zəfər bayramının ikinci ilində tarixə reallıqlar pəncərəsindən bir baxış”, “Azərbaycan-Türkiyə. Şuşa Bəyannaməsinin birlik və həmrəylik fəlsəfəsi tarix və müasirlik kontekstində”, “Azərbaycanın haqq mübarizəsi – 2020: tarix, həqiqətlər və reallıqlar” və s. məqalələri xüsusilə diqqət cəlb edir.

Nəşrə filosof alimin onillər boyu Belçikada çap olunan yeganə türk dilində media nümunəsi olan “Yeni Haber” qəzetində “Hatira Guliyeva Azerbaycandan yazıyor” rubrikasında ölkəmiz haqqında silsilə yazıları da daxil edilib. Bundan başqa, kitabda Xatirə Quliyevanın Azərbaycan və türk dillərində bir neçə şeiri də yer alıb.

Vətən tariximizə, türk birliyi fəlsəfəsinə, Qarabağ həqiqətlərinə həsr olunmuş məqalələrinin daxil olduğu “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı tədqiqatçılar və ümumilikdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabın elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi akademik Nərgiz Axundova, tərtibçisi Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşı Sevinc Quliyeva, rəyçiləri professorlar Azər Mustafayev və Eyyub Kərimov, redaktoru Lalə Əliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: