Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2023 10:55
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. İclası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gündəlikdən irəli gələn ilk məsələ ətrafında məruzə edən Ə.Abbasov Elm və təhsil nazirinin 14 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə”  əmrin icrası istiqamətində cari ildə institutda görüləcək işlər barədə şura üzvlərinə məlumat verib. 2023-cü ildə İSİ-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müvafiq sahələrdə yerli və beynəlxalq  konfransların keçirilməsi barədə Tədbirlər planı şura üzvləri tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov institutun elmi-tədqiqat planlarına aid elmi problemlərin müəyyənləşdirilməsi barədə məruzə edib. Alim 2023-cü ildə institutda aparılacaq elmi-tədqiqat işlərinin planından bəhs edib, mövzu ətrafında şura üzvləri tərəfindən müzakirələr aparılaraq məsələnin həlli istiqamətində müzakirələr aparılıb.

Daha sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva institutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturasına və dissertanturasına qəbul olunan doktorant və dissertantların fərdi iş planlarının təsdiq olunması ilə bağlı çıxış edib. Məsələ şura üzvləri tərəfindən müzakirə olunub, səsvermə yolu ilə qərarlar qəbul edilib.

Gündəlikdən irəli gələn növbəti məsələ ətrafında çıxış edən institutun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 2023-cü ildə Bakıda keçiriləcək “Beynəlxalq Astronavtika Konqresi”, “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 2-ci beynəlxalq konfrans və Polşanın Sileziya Texnologiya Universitetinin təşkilatçılığı ilə keçiriləcək “Nəqliyyat problemləri” adlı XV beynəlxalq konfrans barədə şura üzvlərinə məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb, cari ildə institutun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Sonda gündəlikdən irəli gələn digər  məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: