Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və böyük elmi işçi Əfruz Qurbanovanın məqalələri 27 yanvar 2023-cü il tarixdə nüfuzlu “Springer” nəşriyyatına aid “Advances in Intelligent Systems, Computer Science and Digital Economics IV” adlı elmi məcmuədə yer alıb.
Sözügedən məcmuəyə 11-13 noyabr 2022-ci il tarixlərdə Çinin Uhan şəhərində onlayn formatda keçirilən Kompüter Elmləri, Rəqəmsal İqtisadiyyat və İntellektual Sistemlər üzrə 4-cü Beynəlxalq Simpoziumda (CSDEIS2022: The 4th International Symposium on Computer Science, Digital Economy and Intelligent Systems) təqdim edilmiş yüksək keyfiyyətli elmi məqalələr daxil edilib.
Konfrans nüfuzlu “Web of Science”, “Scopus”, “INSPEC” və “Ei Compendex” beynəlxalq elmi bazalarında indeksləşir.
Şəfəqət Mahmudovanın “İnstrumental proqram sistemlərinin sintezində istifadə olunan intellektual interfeys üçün metodun işlənməsi” (Development of a method for the intelligent interface used in the synthesis of instrumental software systems) adlı məqaləsində proqram sistemlərinin sintezi barədə məlumat verilib. Tədqiqat işində intellektual proqram sisteminin sintezi məsələləri üçün konseptual model işlənib, sintez prosesinin modeli qurulub, intellektual interfeys yaradılıb, biliklər bazasının yaradılması məsələsi nəzərdən keçirilib. Süni intellekt metodlarından istifadə etməklə intellektual interfeysin qurulmasında ekspert qiymətləndirmə və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə edilib.
Əfruz Qurbanovanın “Sənaye 4.0 dövründə milli azlıqların dillərinin qorunması problemləri və perspektivləri” (Problems and Prospects for Minority Languages in the Age of Industry 4.0) adlı məqaləsində isə informasiya-kommunikasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan dövrümüzdə dillərin, eləcə də milli azlıqların dillərinin qorunması və inkişafının həlli vacib məsələlərdən olduğu qeyd edilib. Tədqiqat işində dillərin sosiolinqvistik aspektdə öyrənilməsinin zəruriliyi əsaslandırılıb, onların demoqrafik gücünü müəyyən edən amillər analiz olunub. Qloballaşma prosesinin dünyadakı dillərə təsiri, onların qorunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihə və proqramlar, qəbul edilən mühüm sənədlər təhlil edilib. Dillərin virtual məkanda təsbit olunması və sənədləşdirilməsinin zəruriliyindən bəhs edilib, kiberməkanda dillərin vəziyyəti və istifadə səviyyəsi təhlil olunub.
Həmçinin Sənaye 4.0 kontekstində milli azlıqların dillərinin qorunması problemlərinin həllinə mümkün yanaşmalar nəzərdən keçirilib. Azərbaycanda milli azlıqların dillərinin vəziyyəti, coğrafiyası, demoqrafiyası və istifadə səviyyəsi təhlil olunub, milli azlıqların dillərinin qorunması və inkişafı istiqamətində təklif və tövsiyələr verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.