Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2023 09:34
  • A-
  • A
  • A+

AMEA əməkdaşları Pedaqoji Universitetdə nadir kitab və əlyazmalar sərgisi ilə tanış olublar

AMEA əməkdaşları Pedaqoji Universitetdə nadir kitab və əlyazmalar sərgisi ilə tanış olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə nadir kitabların sərgisi keçirilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, dosent Xədicə Heydərova, böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova, Gənc Alim və Mütəxəssislər şurasının sədri, dosent Günel Orucova, Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Günel Bayramova, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı sərgidə iştirak ediblər.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetin kitabxanası xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır. Kitabxanada müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazma qorunur ki, onların 121-i “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssisləri cəlb etməklə intensiv iş aparırlar.

Universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev diqqətə çatdırıb ki, ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlar arasında ən qədimi 1741-ci ildə Sankt- Peterburqda nəşr olunmuş Rikotanın Osmanlı dövlətindən bəhs edən 278 səhifəlik kitabıdır.

Milli Məclisin deputatları Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çəkərək, bu əsərlərin hər birinin üzərində mütəxəssislərin işləyərək onların reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: