AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev - Azərbaycan qadınlarının elmdə rolu” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunması, güclənməsi və dünya dövlətləri arasında yer tutması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. O bildirib ki, Ulu Öndər xalqın yaddaşında böyük siyasətçi, dahi şəxsiyyət, təcrübəli bir dövlət xadimi kimi qalıb: “Heydər Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır”.
Akademik Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, əhalinin sosial rifahının yüksəldilməsinin dövlətin siyasətində xüsusi istiqamət olduğunu vurğulayıb və bundan sonra da ölkə başçısının rəhbərliyi ilə yeni şanlı səhifələrin yazılacağını, daha yüksək zirvələrin fəth ediləcəyini qeyd edib.
Sonra institutun Qadınlar Şurasının sədri, k.ü.f.d. Esmira Quluzadə “Azərbaycan qadınlarının Heydər Əliyev siyasətində roluı” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, böyük şəxsiyyət, görkəmli dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə yeni bir mərhələ başlanmışdır. Belə ki, bu mərhələdə qadınların üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərməyə başlanılmış, dövlət başçısı tərəfindən qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm Fərman və sərəncamlar imzalanmış, Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüş, eyni zamanda qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırılmışdır: “Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olması danılmaz faktdır”.
Sonra laboratoriya müdiri, k.e.d. Elza Salahovanın “Azərbaycan qadınlarının elmdəki mövqeyi”, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günel Əzimovanın “İctimai-siyasi həyatda qadınlar”, k.ü.f.d. Rəna Vəkilovanın “Ailə və qadın” mövzularında çıxışları dinlənilib. Məruzəçilər elmdə və cəmiyyətin ictimai həyatında qadınların rolundan, uğurlarından, Ulu Öndərin Azərbaycan qadınına verdiyi yüksək dəyərdən, dövlətin bu sahədəki siyasətindən danışıblar.
Konfransın sonunda akademik Dilqəm Tağıyev tədbirdə iştirak edən və institutda çalışan bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə institut rəhbərliyi adından təbrik edib, xoş arzularını çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.