AMEA Rəyasət Heyətinin, Fələsəfə və Sosiologiya İnstitutunun və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Akademiya tərəfindən hazırlanan Tədbirlər planı haqqında məlumat verib.
Akademik Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan bəhs edərək, onun gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri olan azərbaycançılıq ideologiyasından danışıb. AMEA rəhbəri bildirib ki, azərbaycançılıq Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir ideologiyadır.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, alimlərə verdiyi dəyərdən danışıb.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə “Heydər Əliyevin siyasi irsi və vətənpərvərlik” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideya halına gəlməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir.
Tədbirdə f.e.d., professor Rəna Mirzəzadə “Heydər Əliyev siyasi məktəbinin liderlik dərsləri və azərbaycançılıq”, t.e.d., professor Mais Əmrahov “Heydər Əliyevin azərbaycançılıq ideologiyasında milli təhsilin prioritetləri”, f.e.d. Ziba Ağayeva “Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi və milli-mənəvi dəyərlər”, t.ü.f.d., dosent Mübariz Ağalarlı “Azərbaycançılıq məfkurəsinin tarixi-siyasi əsasları və onun milli ideologiyaya çevrilməsi”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Heydər Əliyevin siyasi irsi bölgədə və dünyada yeni çağırışlar”, f.ü.f.d., dosent Əntiqə Paşayeva “Heydər Əliyev və milli dövlətçilik ideyası: milli dövlətçiliyin ictimai-siyasi, hüquqi və etnik prinsipləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının təməl prinsipləri” və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyevin siyasi irsi Azərbaycan Milli Elmlər Akademiyasına bəxş edilmiş böyük töhfədir” adlı məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.