Sentyabrın 14-də Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin təşkilatçılığı və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) dəstəyi ilə "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda X beynəlxalq seysmoloji seminar-məktəbin rəsmi açılışı olub.
Seminarda Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Qazaxıstan, İtaliya, Böyük Britaniya və digər ölkələrdən 100-dən artıq seysmoloq alim iştirak edir.
Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Maloviçko müxtəlif ölkələrin seysmoloqları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından seminar-məktəbin əhəmiyyətini vurğulayıblar. Elmi sessiyada Azərbaycanda və Rusiyada seysmik müşahidələrə başlanılması tarixindən və seysmologiya üzrə aparılmış tədqiqatlardan danışılıb.
RSXM-in direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılıb və bununla da instrumental müşahidələrə başlanılıb.
Qeyd edilib ki, sürətlə inkişaf edən iqtisadiyyatına görə regionun lider dövlətinə çevrilən Azərbaycanda seysmologiya sahəsində də uğurlar əldə olunub. Məhz 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, respublikada seysmik xidmətin işinin modernləşdirilməsi məqsədi ilə tender elan edilib və ilkin olaraq RSXM üçün ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alınıb. Seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ildən başlayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət tərəfindən maliyyə vəsaiti ayrılmış və Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 31-ə çatdırılıb. Bu stansiyaların 4-ü blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. 2011-ci ildə əlavə 4 dəst telemetrik seysmik stansiya alınıb. İlk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya quraşdırılıb. Bundan əlavə, Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılıb.
Vurğulanıb ki, AMEA RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici təşkilatlar tərəfindən də maraqla qarşılanır. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Dörd mühüm beynəlxalq seysmoloji təşkilatın - Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.
Açılış mərasimindən sonra seminar panel iclaslarda işini davam etdirib.
Üç gün davam edəcək seminarda müxtəlif ölkələrin seysmoloq alimlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaq. Sentyabrın 18-də isə seminar iştirakçıları Şamaxıya səfər edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir