AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin baş kitabxanaçısı Səadət Nəsirovanın transfoneliterasiya edib, “Ön söz” yazaraq nəşrə hazırladığı Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin “Yeni məktəb: türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət” kitabı işıq üzü görüb.
2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab Azərbaycanın görkəmli maarif xadimləri Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin 1909-cu ildə birgə hazırladıqları “Yeni məktəb”(Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı) adlı dərsliyin transfoneliterasiya olunmuş variantıdır ki, burada “Məktəb və ailə”, “Çalışqanlıq və bilik kəsbi”, “Kömək və ittifaq”, “El arasında”, “İnsan”, “Heyvanat”, “Nəbatat”, “Su-Dəniz”, “Coğrafiyaya dair məlumat”, “Nəsihətlər” sərlövhələri altında insana, ailəyə, elmə, məktəbə, təbiətə dair bir çox məsələlərə toxunulmuş, əxlaqi-tərbiyəvi mövzuda maraqlı nümunələrə yer verilib.
Yeni nəşrin elmi məsləhətçisi f.e.d., professor Yaqub Babayev, elmi redaktoru f.ü.f.d., dosent Əzizağa Nəcəfov, rəyçiləri Hacı Mustafa Mailoğlu və Qutiyera Cəfərova, texniki redaktoru isə Vüqar Hacıyevdir. Kitabda yer almış lüğətin müəllifi Səadət Nəsirovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.