Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.09.2015 11:38
  • A-
  • A
  • A+

Arxeoloji ekspedisiya 2015-ci ildə qarşıya qoyulan vəzifələri yerinə yetirib

Arxeoloji ekspedisiya 2015-ci ildə qarşıya qoyulan vəzifələri yerinə yetirib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ” arxeoloji ekspedisiyası 2015-ci il çöl tədqiqatları mövsümündə Ağdam və ətraf rayonlarda arxeoloji tədqiqatları davam etdirib.

Professor Hidayət Cəfərovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya əsaslı stasionar arxeoloji qazıntıları Ağdam rayonunun Mirəşelli və Yüzbaşılı kəndləri arasındakı Palıdlı nekropolunda aparıb. 2009-cu ildən çöl tədqiqatlarının aparıldığı Palıdlı nekropolunda builki mövsum də daxil olmaqla 36 torpaq qəbir öyrənilib. Tədqiqatların ilk günlərindən qeyd edildiyi kimi Palıdlı nekropolunda tədqiqatlara başlayanadək Qarabağda belə qəbir tiplərinə rast gəlinməyib.

Xatırladaq ki, “Palıdlı” nekropolunda əvvəlki illərdə yalnız dəmir xəncər, yaxud dəstəyi tunc, tiyəsi dəmirdən olan xəncərə təsadüf olunsa da, bu il tədqiq edilən 34 nömrəli torpaq dəfnində tiyəsi dəmir, qını və başlığı tuncdan olan xəncərlərə ilk dəfə təsadüf edilir. Eyni sözləri at başı fiquru və skipetr haqqında da söyləmək olar. Tədqiqatçıların fikrincə, cavan cəngavərə - qoşun başçısına məxsus bu zəngin qəbir 2015-ci ilin elmi nailiyyətləri sırasına daxil edilə bilər. Həm dəfn mərasimi, həm də maddi mədəniyyət nümunələrinin zənginliyi bunu söyləməyə imkan verir. Bu il tədqiq edilən qəbirlər bizim eradan əvvəl XII-XI əsrlərə, yəni son tunc dövrünə aid edilir.

Ekspedisiya, həmçinin həm Ağdam, həm də qonşuluqdakı Ağcabədi, Bərdə və Tərtər rayonları ərazisindəki arxeoloji abidələrə də baxış keçirib. Bərdə arxeoloji ekspedisiyasının rəisi, professr Arif Məmmədovla birgə “Qarabağ” arxeoloji ekspedisiyası Bərdənin Həsənqaya torpaq nekropolu materiallarını muzeyə verib, muzeydəki eksponatların dövrünü dəqiqləşdirib, fotolarını çəkib, antik dövr Şortəpə və tunc dövrü Balatəpə abidələrinə baxış keçirıb.

Qarabağ arxeoloji ekspedisiyası 2015-ci ildə qarşıya qoyulan vəzifələri tam yerinə yetirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: