Aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə iclasda 27 Mart - Elm Günü münasibətilə bir qrup əməkdaşa “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə” mükafatı və “Əmək veteranı vəsiqəsi” təqdim edilib.
Akademik İsa Həbibbəyli martın 27-də Mərkəzi Elmi Kitabxananın “Şuşa” zalında “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı böyük tədbirin keçirildiyini və Elm Gününün ilk dəfə geniş şəkildə qeyd olunduğunu söyləyib. Qeyd edib ki, sözügedən tədbirdə Akademiyanın əməkdaşları AMEA-nın Fəxri fərmanı, “İstinadda rekord”, “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə”, “İlin gənc alimi diplomu” mükafatları, “Uğurlu məruzəyə görə” təşəkkürnamələrlə, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı və Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının “Əmək veteranı vəsiqəsi” ilə təltif olunublar.
Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş AMEA-nın Ümumi yığıncağının keçirilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli sərəncamlar imzalayıb.
Sərəncamların icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən bir sıra mühüm təşkilati tədbirlərin həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli 29 dekabr 2022-ci il tarixində AMEA-nın Tədbirlər planlarının təsdiq edildiyini vurğulayıb. Sözügedən Tədbirlər planı çərçivəsində Akademiyada artıq 10-dan çox elmi konfransın keçirildiyini, bir neçə kitabın işıq üzü gördüyünü bildirən AMEA prezidenti hazırda 4 kitabın nəşr prosesində olduğunu deyib. Qeyd edib ki, Tədbirlər planında Akademiyanın ali idarəetmə orqanı olan AMEA-nın Ümumi yığıncaqlarından birinin Heydər Əliyevin 100 illik yubileyinə həsr edilməsi əksini tapıb. AMEA-nın Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş Ümumi yığıncağında Akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İclasda qeyd olunanları nəzərə alaraq, 1 may 2023-cü il tarixində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçirilməsi qərara alınıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv seçilməsi haqqında məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli qeyd edib ki, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin inkişafı, xüsusən nüfuzlu beynəlxalq elmi qurumlarla əlaqələrin genişləndirilməsi təşkil edir.
“Bunun nəticəsidir ki, AMEA az bir müddət ərzində dünyanın bir sıra beynəlxalq elmi qurumlarına tam hüquqlu üzv seçilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinin rəsmi üzvlüyünə qəbul edilib. EURAS-a üzvlük sertifikatı Birliyin prezidenti professor Mustafa Aydın tərəfindən AMEA-nın rəhbərliyinə təqdim edilib. Sertifikatda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir. 2008-ci ildə fəaliyyətə başlayan EURAS Qərbi və Mərkəzi Avropa, Balkanlar, Qafqaz, Yaxın Şərq və bütün Asiyanın 140-a yaxın ali təhsil müəssisəsi və akademik qurumu arasında əməkdaşlığı təşviq edir”, - deyə AMEA rəhbəri bildirib.
EURAS-ın müxtəlif akademik, sosial və mədəni sahələrdə əməkdaşlıq üçün geniş və məhsuldar zəmin yaratmaq üçün təsis edildiyini bildirən AMEA rəhbəri qurumun əsas vəzifələrinin üzvlər arasında əməkdaşlıq və şəbəkələrin qurulması, elm və təhsilin akademik standartlarının təkmilləşdirilməsi, üzv olan elmi qurumların və universitetlərin maraqlarının və problemlərinin dünya miqyasında təmsil edilməsi və s. olduğunu söyləyib.
Akademik çıxışının sonunda qeyd edib ki, AMEA-nın EURAS-ın rəsmi üzvlüyünə qəbul edilməsi Akademiyanın beynəlxalq əlaqələrinin inkişafı istiqamətində olduqca mühüm bir addımdır və Azərbaycan elminin beynəlxalq elm mühitinə inteqrasiyası sahəsində yeni üfüqlər açır.
Sonra iclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fransanın Marsel şəhərində 27 mart – 1 aprel 2023-cü il tarixlərində keçirilən “Human Brain Project Summit: 2023” tədbirində iştirakının nəticələri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, sammitin keçirilməsində əsas məqsəd onillik layihə dövründə “Human Brain Project” (HBP) çərçivəsində aparılan tədqiqatların və əldə olunan yüksək elmi nailiyyətlərin cəmiyyətə verdiyi töhfələrin müzakirəsi olub. Onun sözlərinə görə, tədbir çərçivəsində mühüm elmi nəticələrin, ən son innovasiyaların, EBRAINS Tədqiqat İnfrastrukturunda mövcud olan qabaqcıl xidmətlər və müasir texnologiyaların müzakirəsi üçün yüzlərlə tədqiqatçının, o cümlədən media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq forumlar keçirilib. Forumlarda, həmçinin süni intellektə əsaslanan texnologiyalar sahəsində Avropa üzrə bir sıra nailiyyətlər təqdim olunub.
Əldə olunan elmi nailiyyətlərə və EBRAINS Tədqiqat İnfrastrukturunun gələcəyinə nəzər salmaq, o cümlədən HBP-də xüsusi məqamları müzakirə etmək üçün sammitin əsas mövzusu kimi “Rəqəmsal beyin tədqiqatının nailiyyətləri və gələcəyi” seçilib.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Rəyasət Heyəti tərəfindən akademik Rasim Əliquliyevin məruzəsi qənaətbəxş hesab edilib və sammit çərçivəsində təqdim olunan elmi mövzuların, o cümlədən, rəqəmsal beyin araşdırmaları, rəqəmsal beyin əsaslı robototexnika və hesablama texnologiyaları ilə bağlı tədqiqatların prioritet istiqamət olaraq respublikanın müvafiq elmi müəssisələrinin elmi tədqiqat planlarına daxil edilməsi, multidissiplinar araşdırmaların aparılması, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına diqqətin artırılması tövsiyə olunub.
İclasda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Elmi tədqiqatların keyfiyyətinin yaxşılaşdırılması, qarşıda duran vəzifələrin daha mütəşəkkil həyata keçirilməsinə nail olunması məqsədilə institutun Məntiq və İdrak nəzəriyyəsi şöbələrinin birləşdirilərək İdrak nəzəriyyəsi və məntiq şöbəsi adı ilə fəaliyyət göstərilməsi məqsədəuyğun hesab edilib. O cümlədən AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əyani doktorantı Könül Vəliyevanın doktorantura təhsilinə öz xahişi əsasında xitam verilib. Bundan əlavə, Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Sahib Əliyevin 90 illik yubileyi haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Muxtar İmanov, professorlar Kərim Şükürov və Abbas Seyidov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.