Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi M.Rahim adına 7 saylı tam orta məktəbində fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri ilə görüş keçiriblər.
Tədbir “Heydər Əliyev İli” çərçivəsində “Kiçik Akademiya”nın Kimya dərnəyinin son bir ildə gördüyü işlərin təqdimatına həsr olunub. Məktəbin direktoru Könül Təhməzova bildirib ki, “Kiçik Akademiya”nın fəaliyyətinin əsas məqsədi məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdir. Qeyd edib ki, bu fəaliyyət tədqiqata meyilli olan istedadlı şagirdləri aşağı yaş qruplarında aşkara çıxarmağa, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməyə, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə səbəb olub. “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri sırasında məktəbli tədqiqatçıların universitet və elmi-tədqiqat institutlarının müvafiq tədqiqat laboratoriyalarına ekskursiyaları, eləcə də institutlarla əməkdaşlıq, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərə dəstək verməsi xüsusi yer tutur. Bu nöqteyi-nəzərdən Aşqarlar Kimyası İnstitutuna bu yaxınlarda bir qrup şagirdin ekskursiyası böyük marağa səbəb olub. Şagirdlərin yerində laboratoriyaların maddi-texniki bazası ilə tanış olması, bir çox təcrübələri əyani müşahidə etmələri onların kimya elminə marağını artırıb, kimya dərnəyinə yazılan istedadlı şagirdlərin sayını artıb.
Könül Təhməzova institut rəhbərliyinin məktəbdə dərnək üzvləri ilə canlı görüşünün də olduqca əlamətdar olacağına əminliyini ifadə edib.
Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, şagirdlərin institut laboratoriyalarına ekskursiyası təkcə universitetlər deyil, həm də məktəblərdə elmlə təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addımdır. Qeyd edib ki, əsl istedadlar məktəblərdədir və onları aşağı yaşlarda aşkara çıxarmaq lazımdır. V.Fərzəliyev istedadlı şagirdlərin elmə istiqamətlənməsi yolunda 7 saylı tam orta məktəbin “Kiçik Akademiya”sı, ayrı-ayrı fənn dərnəkləri vasitəsilə görülən işləri yüksək qiymətləndirib, bundan sonra da məktəbə rəhbərlik etdiyi institutun alimləri tərəfindən dəstək veriləcəyini vurğulayıb.
İnstitutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov çıxışlarında “Sabahın alimləri” müsabiqəsi, “Bu günün şagirdi, sabahın alimi” layihələri çərçivəsində alimlər tərəfindən istedadlı şagirdlərə hər zaman dəstək göstəriləcəyini bildiriblər. Onlar bundan sonra da istedadlı məktəblilərdə elmi ideyalarının inkişaf etdirilməsi üçün lazımi dəstək verilməsinin mümkünlüyünü qeyd ediblər.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Rumiyyə Camalovanın rəhbərlik etdiyi Kimya dərnəyinin üzvlərinin hazırladıqları bir çox “əyləndirici, öyrədici təcrübələr” nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.