Sentyabrın 30-da AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirildi.
Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov AMEA-nın 70 illik yubileyinə hazırlıqla əlaqədar bölmə institutları tərəfindən görülən işləri diqqətə çatdırdı.
Qeyd edildi ki, AR Prezidenti İlham Əliyev Azərbaycan xalqının ictimai fikir tarixində və sosial-ictimai tərəqqisində mühüm rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, sərəncamın icrası məqsədilə AR Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nı təsdiq etmişdir. Planda yubileyə hazırlıqla əlaqədar əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin bir sıra kitabların nəşr olunması nəzərdə tutulmuş, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Redaksiya Heyəti və İşçi qrupu yaradılmışdır.
Sonra yubiley tədbiri ilə əlaqədar olaraq sərgi üçün bölmə institutları tərəfindən hazırlanmış materiallara baxış keçirildi.
AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva sərgiyə qatılacaq elmi müəssisə və təşkilatların hazırlıq prosesinin gedişatı barədə ətraflı məlumat verdi, nümayiş etdirilən materiallara dair təklif və tövsiyələrini səsləndirdi.
Tədbirdə, həmçinin AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün institutlar tərəfindən hazırlanmış testlərin təsdiqi məsələsi ətrafında müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir