Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Tədbirdə müzakirəyə çıxarılan ilk məsələ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” adlı AMEA-nın mayın 1-də keçirilən Ümumi yığıncağının xüsusi iclasının yekunları və qarşıda duran vəzifələr haqqında olub.
Bu günlərdə Ümummilli Liderə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA-nın zirvə tədbirinin görkəmli dövlət xadiminin məhz yubileyi ərəfəsində baş tutmasının əlamətdar hadisə olduğunu söyləyib. Bildirib ki, tədbirə Ulu Öndərin şəxsiyyətinin, fəaliyyətinin miqyasını nəzərə alaraq, Azərbaycana dost-qardaş ölkələrin – Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər Akademiyalarının, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının rəhbərliyi və nümayəndələri dəvət olunmuşdu: “Akademiyanın Ümumi yığıncağının xüsusi iclasında qonaqlar Ulu Öndər Heydər Əliyevlə bağlı yüksək səviyyədə məruzlərlə çıxış etdilər. Həmçinin İçərişəhərdə onlar üçün gəzinti təşkil olundu və Ağsaqqallar Şurasında “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdilər. Onların hər biri Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakının gözəlliyini qürurla etiraf etdilər”.
Xüsusi iclasda, həmçinin ölkəmizin elm və təhsil qurumlarının rəhbərliyinin, millət vəkillərinin, geniş elmi ictimaiyyətin iştirak etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin Azərbaycan cəmiyyəti tərəfindən yüksək qəbul olunduğunu, Akademiyada gedən yeniləşmə prosesini və dəyişiklikləri əks etdirdiyini söyləyib.
Daha sonra iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər planının icrası haqqında müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Akademiyanın elmi müəssisə və təşkilatlarında bu günə kimi Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən yüksək səviyyədə 17 konfrans, futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiada keçirilib, sərgilər təşkil olunub. Həmçinin Azərbaycan HeydərƏliyevşünaslığını elmi-fundamental tədqiqatlarla zənginləşdirən 15 kitabın işıq üzü gördüyünü və bir neçəsinin çap prosesində olduğunu bildirib. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev və Əlyazmalar İnstitutu” və “Heydər Əliyev müasirlərinin xatirəsində” sənədli filmlərinin hazırlandığını diqqətə çatdırıb. AMEA rəhbəri, o cümlədən Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş nəşr və rəsm əsərlərindən ibarət sərginin təşkil ediləcəyini vurğulayıb.
Akademiyada 2023-2024-cü illərdə hazırlanması nəzərdə tutulan “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün hazırda müzakirə mərhələsində olduğunu deyən akademik İsa Həbibbəyli nəşrin “Heydər Əliyev İli”nə sanballı töhfə olacağını söyləyib.
AMEA prezidenti qeyd edib ki, 2023-cü ilin dekabr ayında Rəyasət Heyətində keçiriləcək iclasla Akademiyanın “Heydər Əliyev İli” tədbirlərinə yekun vurulacaq.
Daha sonra Rəyasət Heyətinin iclasında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlər haqqında müzakirələr aparılıb. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərin keçiriləcəyini bildirib. AMEA rəhbəri bu istiqamətdə “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev dövründə”, Türkiyə və Azərbaycan seysmoloqlarının beynəlxalq konfransı və digər tədbirlərin baş tutacağını, yekunda “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.
Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ “AMEA-nın Məruzələri” jurnalının ingilis dilində nəşr edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, dünyanın bir sıra aparıcı reytinqlərində Azərbaycan elminin sanballı yer tutması üçün nəşrlərin ingiliscə və elektron bazasının olması olduqca vacib amildir və bu istiqamətdə Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair işlər davam etdirilir. AMEA prezidenti qeyd edib ki, “AMEA-nın Məruzələri” jurnalının ingilis dilində nəşr edilməsi də bu istiqamətdə atılan növbəti addımdır və alimlərimizin, elmimizin dünyanın aparıcı elmi bazalarına çıxış imkanlarını genişləndirməyə xidmət edəcək.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov AMEA-nın elmi müəssisələrinin akkreditasiyasının keçirilməsi haqqında məlumat verib.
İclasda, həmçinin AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 70 illik yubileyi haqqında qərar qəbul edilib.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.