Mayın 16-da AMEA-nın Əsas binasında Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə müsabiqəyə layihələrini təqdim edən şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir.
Mikrobiologiya İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verən akademik İradə Hüseynova qeyd edib ki, Ulu Öndərin ilk dəfə hakimiyyətdə olduğu illərdə Mikrobiologiya sektoru kimi təşkil olunmuş institutda bu gün mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsasları dərindən tədqiq olunur.
Vitse-prezident bu müsabiqənin müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edildiyini diqqətə çatdırıb. O, müsabiqədə iştirak üçün ümumilikdə 125 nəfərin müraciət etdiyini, 24 məktəbdən 141 əl işinin təqdim olunduğunu bildirib. Akademik İradə Hüseynova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.
Sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, dahi liderin elm-təhsil problemlərinə kompleks şəkildə yanaşdığını bildirib. O, Ümummilli Liderin hər zaman bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirdiyini, mühüm tarixi Fərman və sərəncamlar imzaladığını vurğulayıb.
Hüseyin Əsgərov bu kimi müsabiqələrin keçirilməsinin elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib, müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb.
Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov artıq üçüncü dəfədir təşkil olunan “Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsinin şagirdlərin gələcək həyatındakı müstəsna rolundan bəhs edib. O, müsabiqənin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunduğunu vurğulayıb, görkəmli dövlət xadiminin ölkəmizin rifahı naminə gördüyü əvəzsiz xidmətlərdən danışıb.
Pənah Muradov Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin gələcəyini məhz yüksəkixtisaslı, peşəkar və vətənpərvər insanlarda gördüyünü bildirərək dahi liderin hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq, bu işi dünya miqyasına çıxardığını, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərdiyini diqqətə çatdırıb. Baş direktor Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan kadr siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
AMEA-nın müxbir üzvü Pənah Muradov müsabiqədə aktiv iştiraklarına görə Azərbaycanın gələcəyi olan şagirdlərə təşəkkürünü bildirib, bu layihələrin onların gələcək uğurlu fəaliyyətlərinin başlanğıcı olduğunu söyləyib,
Tədbirdə Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, müsabiqə komissiyasının sədri, professor Könül Baxşəliyeva təqdimatla çıxış edərək müsabiqədə respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V və XI sinif şagirdlərinin mikroorqanizmlərin ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş rəsm, maket, tikiş, heykəl kimi əl işləri ilə iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, bu il müsabiqəyə təqdim edilən əl işlərinin böyük əksəriyyəti respublikanın müxtəlif bölgələrində təhsil alan şagirdlər tərəfindən hazırlanıb.
Daha sonra müsabiqəyə təqdim edilmiş işlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi aparılıb və qaliblərinin adları açıqlanıb.
Münsiflər heyətinin qərarına əsasən, Sabirabad rayonu 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü məktəb-liseyinin şagirdi Mehin Qəhrəmanzadə və Bakı Avropa liseyinin şagirdi Oğuz İsayev birinci yerin qalibi olublar. Sabirabad rayonu 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü məktəb-liseyinin şagirdi Sürəyya Kərimli, 189-190 nömrəli tam orta məktəbin şagirdi Mələk Namazova və N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Sirac Adıgözəlov ikinci yerə layiq görülüblər. 39 nömrəli tam orta məktəbin şagirdi Alsu Kəsəmənskaya, N.Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdi Fatimə Həsənova, Sumqayıt şəhəri istedadlar liseyinin şagirdi Humay Əmiraslanlı, Sabirabad rayonu 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü məktəb-liseyin şagirdi Gülay Zeynallı, Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin şagirdi Fatimə Əhmədli və Bakı şəhəri 307 nömrəli tam orta məktəbin şagirdi Nurlan Rəhimli isə üçüncü yerin qalibi olublar.
Qaliblərə diplom və pul mükafatları, əl işləri ilə xüsusi seçilən 15 nəfər şagirdə isə fərqləndirici diplom, hədiyyə və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqəyə respublikanın müxtəlif bölgələrindən qatılmaq istəyən şagirdlərin iştirakını təmin etmək məqsədilə onlar üçün tədbirə onlayn qatılmaq imkanı da yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.