Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2015 12:01
  • A-
  • A
  • A+

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test nümunələri hazırlanır

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test nümunələri hazırlanır

Oktyabrın 5-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi. Öncə BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verərək, iclasın AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələrinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

Ə.Əmiraslanov AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının BTEB-yə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verdi. AMEA tarixində ilk dəfə olaraq doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinin planlaşdırıldığını bildirən alim hazırda bütün ixtisaslar üzrə test nümunələrinin hazırlandığını qeyd etdi.

Ə.Əmiraslanov imtahanların şəffaf və obyektiv şəkildə təşkilini təmin etmək məqsədilə ümumi bir test bazası və yeni proqramın hazırlanmasının məqsədəuyğun olduğunu dilə gətirdi. Qeyd etdi ki, AMEA-da doktoranturaya qəbul olmaq istəyən elmi tədqiqatçıların biliyinin düzgün qiymətləndirilməsi baxımından test sisteminin tətbiqi ən doğru seçimdir. O, biologiya və tibb ixtisasları üzrə şifahi imtahanların da təşkilinin zəruri olduğunu vurğuladı.

Sonra institut direktorları çıxış edərək müxtəlif ixtisaslar üzrə hazırlanmış test tapşırıqlarını təqdim etdilər. Botanika İnstitutu tərəfindən “Botanika”, “Biokimya, “”Biofizika”, “Molekulyarbiologiya” və “Bitkifiziologiyası”, Zoologiya İnstitutu tərəfindən “Zoologiya”, “Entomologiya”, “Parazitologiya”, Fiziologiya İnstitutu tərəfindən “Fiziologiya”, “Biokimya”, Mikrobiologiya İnstitutu tərəfindən “Mikrobiologiya”, “Mikologiya”, “Biotexnologiya” və Dendrologiya İnstitutu tərəfindən “Botanika” ixtisası üzrə hazırlanmış testlər barədə məlumat verdilər.

Tədbirdə, həmçinin Botanika İnstitutunun 80 illiyi, AMEA-nın müxbir üzvü Telman Ağayevin 80 illik yubileyinin qeyd edilməsi və s. məsələlərə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: