Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2023 18:56
  • A-
  • A
  • A+

“Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin təqdimatı keçirilib

“Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin təqdimatı keçirilib

Mayın 23-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, millət vəkilləri, səfirlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Əsas binasındakı büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir çərçivəsində hazırlanmış nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Qırmızı kitab”a həsr edilmiş videoçarx nümayiş olunub.

Konfransda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının Sərəncamı əsasında AMEA-nın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ərsəyə gətirdiyi iki cilddən ibarət Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşri “Heydər Əliyev İli”nin əlamətdar hadisələrindən biridir və hər iki qurumun Ulu Öndərin 100 illiyinə mühüm töhfəsidir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, çox zəngin təbiətə və çoxəsrlik tarixə malik olan Azərbaycanda təbii sərvətlərin, ətraf mühitin qorunması, təbiətin mühafizəsinin təşkili, biomüxtəlifliyin daha da zənginləşdirilməsi ölkəmizdə əsasən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərindən etibarən sistemli şəkildə həyata keçirilməyə başlanılmışdır və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə milli parklar, təbiət qoruqları və yasaqların yaradılmasının Heydər Əliyev – İlham Əliyev epoxasının Azərbaycan tarixinə gətirdiyi yeniliklər olduğunu deyən AMEA rəhbəri ötən müddət ərzində ölkəmizdə təbiətin qorunması və mühafizəsi istiqamətində bir çox rəsmi sənədlərin, qərarların qəbul edildiyini bildirib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, ölkəmizdə biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar və layihələr də mühüm rol oynayır və bu istiqamətdə Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin rolunu xüsusi qeyd etmək lazımdır. AMEA prezidenti Azərbaycanda biomüxtəlifliyin qorunmasının həm həyat tərzinə, həm də mükəmməl bir strateji əhəmiyyətə malik olan dövlət siyasətinə çevrildiyini söyləyib.

Akademik İsa Həbibbəyli “Qırmızı kitab”ın meydana çıxmasının ölkəmizdə həyata keçirilən dövlət siyasəti nəticəsində gerçəkləşmiş möhtəşəm bir layihə olduğunu deyib: “Hələ sovet hakimiyyəti illərində, Ulu Öndərin 1977-ci ildə imzaladığı qərarla Azərbaycanda “Qırmızı kitab”ların hazırlanmasına başlanmışdır. 1989-cu ildə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının birinci cildi nəşr olunmuşdur. Sonrakı illərdə ölkəmizdə baş verən ictimai-siyasi proseslər, keçid dövrünün çətinlikləri bu sahədə işləri ləngitsə də, müəyyən nəticələr əldə olunmuşdur. 2013-cü ildə ikinci nəşr meydana çıxmışdır. Nazirlər Kabinetinin qərarına əsasən, “Qırmızı kitab”ın 10 ildən bir nəşri nəzərdə tutulub ki, bu gün təqdim olunan üçüncü cild AMEA-nın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Botanika və Zoologiya institutlarının alimlərinin ərsəyə gətirdiyi mükəmməl işdir. Azərbaycan və ingilis dillərində hazırlanan, latınca da verilən növlər ən yüksən akademik nəşrə cavab verir. Kitabda 700-dən çox flora və fauna növünün mühüm elmi əsasları, eləcə də mindən çox nadir şəkil öz əksini tapmışdır. Qorunmasına və mühafizəsinə ehtiyac olan flora və fauna növlərinin siyahısı da verilmişdir. Azərbaycan təbiətşünaslıq elminin müstəqillik illərindəki mühüm elmi nailiyyətlərindən biridir”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə çıxışında qeyd edib ki, hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev təbii sərvətlərin qorunması, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılması sahəsində əhəmiyyətli addımlar atmış, müstəqillik dövründə isə flora və faunamızın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən etmişdir.

“Ulu Öndərin Sərəncamı ilə 2001-ci ildə bir sıra sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını xüsusi ilə vurğulamaq istərdim. Məhz elə bu gün biz böyük fəxr hissi ilə nazirliyin yaradılmasının ildönümü qeyd edirik. Ölkəmizdə ekoistemlərin və təbii sərvətlərin qorunması istiqamətində həyata keçirilən, bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilən dövlət siyasəti öz məntiqi bəhrəsini verməkdədir. 2000-ci illərin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektara qədər artırılmışdır. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin zəngin bioloji müxtəlifliyinin qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində UNESCO ilə işlər aparılır”, - deyə M.Babayev vurğulayıb.

Nazir çıxışında qeyd edib ki, bioloji müxtəlifliyin qorunub saxlanılması, həmçinin nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi və gələcək nəsillərə çatdırılmasında “Qırmızı kitab”ın nəşri vacib əhəmiyyət daşıyır. “Qırmızı kitab”ın III nəşrinin bir sıra özəllikləri barədə məlumat verən Muxtar Babayev bu nəşrdə 30 illik uzun müddətli fasilədən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nadir bitki və heyvan növlərinin tədqiq olunduğunu deyib. Bildirib ki, “Qırmızı kitabı”n III nəşrinə nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 460 növ bitki, 241 heyvan, o cümlədən 47 növ göbələk adı daxil edilmişdir. Həmçinin ilk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növünün salındığını söyləyib.

Bildirib ki, bir çox mütəxəssislərin gərgin əməyi sayəsində ərsəyə gəlmiş “Qırmızı kitab”ın III nəşri respublikamızın biomüxtəlifliyinin qorunması, nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin dəqiqləşdirilməsi və mühafizəsi tədbirlərinin gücləndirilməsi üzrə əsas istiqamətverici sənəd kimi mühüm rol oynayacaqdır.

AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında Azərbaycan təbiətinə xas nadir endemik bitkilərin işğaldan azad edilmiş ərazilərimizdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qaldığını, bədnam qonşularımızın sözügedən ərazilərdə biomüxtəlifliyi məhv etdiyini söyləyib. Qeyd edib ki, bu gün ölkəmizdə bioloji müxtəlifliyin qorunması, saxlanması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir. Sadiq Qurbanov çıxışında “Qırmızı kitab”ın III nəşrini yüksək qiymətləndirib və geniş ictimaiyyətə təqdim edilməsinin vacibliyini bildirib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi vurğulayıb ki, bugünkü konfrans Azərbaycanın biomüxtəlifliyin qorunmasına sadiqliyini və qətiyyətlə yanaşdığını nümayiş etdirir. Qeyd edib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan 14 beynəlxalq ekoloji sənədə qoşulub və bu gün Azərbaycanda qorunan ekoloji ərazilər genişlənir, milli parklar yaradılır, bioturizmin inkişafı üçün şərait yaradılır.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Azərbaycanın biomüxtəlifliyinin nadir incilərinin qorunub saxlanması “Qırmızı kitab”ın əsas məramıdır” mövzusunda çıxış edib. Qeyd edib ki, “Qırmızı kitab”ın I və II nəşrlərinə daxil edilmiş, lakin keçən müddət ərzində aparılmış mühafizə tədbirləri nəticəsində sayında və arealında əhəmiyyətli artım qeydə alınan növlərin və eləcə də adları siyahıda olduğu halda, ölkənin flora və faunasında uzun illər təsadüf edilməmiş növlərin siyahıdan çıxarılmasına, eyni zamanda saylarında və yayılmasında ciddi azalmalar qeydə alınan növlərin əlavə edilməsinə ehtiyac olduğu nəzərə alınaraq, 2019-cu ildə “Qırmızı kitab”ın yeni – III nəşri üzrə fəaliyyətlər intensivləşdirilib. Bildirib ki, “Qırmızı kitab”ın Redaksiya heyəti tərəfindən III nəşr üzrə 2019-2023-cü illəri əhatə edən elmi iş proqramı hazırlanmış, AMEA-da müvafiq Redaksiya heyəti, Botanika, Zoologiya, Dendrologiya, Naxçıvan Bioresurslar institutlarının, Mərkəzi Nəbatat Bağının, digər elmi tədqiqat və təhsil müəssisələrinin alim və mütəxəssislərindən təşkil edilmiş işçi qrupları tərəfindən iş proqramının icrası istiqamətində bütün mümkün fəaliyyətlər həyata keçirilmişdir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə “Qırmızı kitab”ın 3-cü nəşrinə hazırlıq dövründə aparılmış elmi tədqiqat və tərtibat işləri barədə” mövzusunda təqdimatla çıxış edib.

Mərasimdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının rəyçiləri - prof. Dr. Munir Öztürk (Türkiyə, Egey Universiteti) və Dr. Andryu Rodrigesin (Birləşmiş Krallıq, IUCN-nin komissiya üzvü) videomüraciətləri təqdim olunub. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Bioloji müxtəliflik Konvensiyasının icraçı katibi vəzifəsini müvəqqəti icra edən David Cupe və FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru, Azərbaycan üzrə İcraçı Nümayəndə vəzifəsini müvəqqəti icra edən Viroel Qutunun videomüraciətləri izlənilib.

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın “Azərbaycanın flora müxtəlifliyinin müasir vəziyyəti”, AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun “Azərbaycanın fauna müxtəlifliyinin qorunmasında “Qırmızı kitab”ın rolu” və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovun “Vətəndaş cəmiyyətinin biomüxtəlifliyin qorunmasında rolu” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: