Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2023 10:18
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

Mikrobiologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 28 may – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov bildirib ki, Müstəqillik Günü 1918-ci ildə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Məhz, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edib. Onun sözlərinə görə, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib: “Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşı tamam olmamış devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu”.

Alim qeyd edib ki, müstəqilliyimizin bərpası asan başa gəlməyib. 90-ci illərin əvvələrində respublikamız ağır sınaqlar, real vətəndaş müharibəsi, dağılmaq təhlükəsi qarşısında qalmışdı: “Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz tam bərpa olunub, davamlı inkişafa nail ola bilib”.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyinin daha da möhkəmləndiyini, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun şücaəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu söyləyib.

Alim çıxışında hər bir gənc alim və mütəxəssisin üzərinə böyük məsuliyyət və vəzifələr düşdüyünü vurğulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova və sədr müavini Fəridə Əliyeva çıxış edərək xalqımızın  Müstəqillik Gününü artıq 3 ildir ki, qalib xalq kimi qarşıladığını söyləyiblər. “Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur, üçrəngli bayrağımız doğma Qarabağda dalğalanır. Bu sevinci bizə yaşadan əsgərlərimizə, qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik”, - deyə çıxışlarda qeyd olunub.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, dövrün uzaqgörən siyasi xadimləri haqqında videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: