Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.05.2023 09:17
  • A-
  • A
  • A+

Şərq-Qərb nəqliyyat dəhlizində “Dövlət-Özəl-Akademik” əməkdaşlığa həsr olunmuş beynəlxalq elmi-praktiki tədbirlər keçirilib

Şərq-Qərb nəqliyyat dəhlizində “Dövlət-Özəl-Akademik” əməkdaşlığa həsr olunmuş beynəlxalq elmi-praktiki tədbirlər keçirilib

22-25 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) və BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) təşkilatçılığı ilə Nəqliyyat və Logistikanın Asanlaşdırılması üzrə XIV Beynəlxalq Bacarıqların Artırılması seminarı və Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfransı (PLMO 2023) keçirilib. Dörd gün davam edən konfranslarda nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, elmi-texniki və təşkilatı problemlərin həlli, təchizat zəncirində investisiya məsələləri, yüklərin danışmasında BMT standartlarının tətbiqi kimi məsələr müzakirə olunub. Görüşlər əsnasında Şərq-Qərb nəqliyyat dəhlizinin tərəfdaşları olan Şərqi Avropa, Cənubi Qafqaz, Orta Asiya ölkələrinin, Türkiyə və Çinin TRASEKA, SPECA və Orta Dəhliz layihələri çərçivəsində “Dövlət-Özəl-Akademik” əməkdaşlığını təmsil edən geniş auditoriya bir araya gəlib.

22-23 may tarixlərində BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə baş tutan Ticarət və Nəqliyyatın Asanlaşdırılması üzrə XIV Beynəlxalq Bacarıqların Artırılması seminarında İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, UNECE-nin İqtisadi Əməkdaşlıq və Ticarət Şöbəsinin Direktoru Elisabeth Türk, regional məsləhətçisi Mario Apostolov və “Dövlət-Özəl-Akademik” platformasından müxtəlif ölkələrin alimləri, mütəxəssislər və ekspertləri çıxış ediblər.

Seminar çərçivəsində Orta Dəhli, TRACECA və SPECA ölkələrinin ticarət tənzimləmələri və ekspertlərin təlimi, Avro-Asiya iqtisadi əməkdaşlığı çərçivəsində təchizat zəncirinin keyfiyyətinin yüksəldilməsi, nəqliyyatın rəqəmsallaşdırılması, elmi-texniki məsələləri və sənəd mübadiləsində BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin (UN/CEFACT) standartlarının tətbiqi kimi məsələlər müzakirə olunub. “Bir kəmər, bir yol” konsepsiyasından, Şərq-Qərb Dəhlizi və Orta Dəhliz istiqamətində rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, TRACECA və SPECA iştirakçısı olan dövlətlər üçün regional pilot layihənin həyata keçirilməsi yolu ilə multimodal məlumatların rəqəmsallaşdırılması və sənəd mübadiləsi üçün Yol Xəritəsinin hazırlanmasından bəhs edilib. Yük daşımalarının asanlaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində mövcud problemlər barədə fikir mübadiləsi aparan seminar iştirakçıları eFTI Qaydalarının həyata keçirilməsi, dəhliz ölkələrində BMT/CEFACT standartlarının tətbiqi ilə bağlı boşluqların təhlili, EU4Digital ilə əməkdaşlıq və Xəzər limanları arasında məlumat mübadiləsi istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsi və yeni layihələrin hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər.

Seminarda, həmçinin Azərbaycanın sədrliyi ilə 2023-cü ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üzrə Xüsusi Proqramının (SPECA) konfransının təşkili ilə bağlı qarşıda duran hədəflərdən bəhs olunub.

Tədbirin davamında 24-25 may tarixlərində İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfransı (PLMO 2023) keçirilib. Hibrid formatda keçirilən beynəlxalq konfransda Polşa, Çin, İtaliya, Gürcüstan, Almaniya, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimləri iştirak ediblər.

Konfransda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov çıxış edərək nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması zamanı meydana çıxan elmi-texniki problemlərə müasir dövrün tələblərinə uyğun olaraq elmi və texnoloji cəhətdən yanaşaraq həll yolları axtarmağın zəruriliyindən, dəhlizlərə çıxışı olan ölkələr arasındakı siyasi-iqtisadi münasibətlər və qəbul olunmuş standartların tətbiqindən bəhs edib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhlizinin ölkələr arasında təhlükəsizlik, tənzimləmə və geosiyasi məsələlərin həllində önəmini vurğulayan Ə.Abbasov son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında Azərbaycanın aktiv rola malik olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində dəhlizin təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Hazırda dünya miqyasında yeni rəqəmsal yolların formalaşdırılması sahəsində görülən işlərdən söz açan Ə.Abbasov “Bir kəmər, bir yol” - “Yeni İpək Yolu” təşəbbüsünün irəli sürülməsi ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini eyni zamanda, yeni bir dəhlizin rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını qeyd edib, dəhliz ölkələrinin müvafiq müəssisələri arasında qurulan səmərəli elmi-texniki əməkdaşlıq əlaqələrindən bəhs edib.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev beynəlxalq logistika, idarəetmə və istismar problemlərinin həlli istiqamətində yeni elmi tədqiqatların aparılması, regional rəqəmsallaşdırma, mövcud çatışmazlıqların elmi ictimaiyyət tərəfindən müzakirəsi baxımından bu qəbil konfransların keçirilməsinin önəmini vurğulayıb. Akademik nəqliyyat infrastrukturunun yaşıl texnologiyalara uyğunlaşdırılmasının ölkədə yaşıl cəmiyyətin formalaşmasına böyük təkan verdiyini qeyd edib, Azərbaycanın Avropa və Asiya arasında həm su, həm də yerüstü nəqliyyat daşımalarına görə beynəlxalq nəqliyyat qovşaqları içərisində xüsusi yer tutduğunu vurğulayıb. Qarabağda aparılan yenidənqurma layihələrindən söz açan alim Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikası Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək təmsil etdiyi nazirlik tərəfindən ölkədə elm və təhsil sahələrinin inkişafına təkan verə biləcək layihələrə dəstək göstərildiyini bildirib. O, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində, xüsusilə Orta Dəhlizdə mühüm rol oynaması ilə yanaşı, yeni əlverişli fürsətlər əldə etməklə bağlı müxtəlif iqtisadi və coğrafi məsələlərin həlli istiqamətində aparılan işləri nəzərə çatdırıb. Məhz bu problemlərin həlli istiqamətində elm və təhsilin rolunu vurğulayaraq AR Elm və Təhsil Nazirliyində nəqliyyat və logistika sahəsində yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən əməli tədbirlərdən danışıb. Nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrində yeni yaradılan magistratura proqramlarının elmi ictimaiyyətin diqqətinin bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldildiyini qeyd edib.

Konfransda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev çıxış edərək qabaqcıl ölkələrdə olduğu kimi, rəqəmsal inkişafın qurulması və yeniliklərin tətbiqi məsələlərinin ölkəmiz üçün də prioritet olduğunu bildirib. Rəqəmsal nəqliyyat dəhlizi anlayışından bəhs edərək bunun mahiyyət etibarilə daşıma sənədlərinin elektronlaşdırılması, daşıma prosesinin bütün mərhələlərində dövlət qurumları ilə həyata keçirilən proseslərin rəqəmsallaşdırılması, yüklərin izlənilməsi və digər məsələləri özündə ehtiva etdiyini, bu prosesin daşıma xərclərinin azalmasına, eləcə də mövcud infrastrukturun səmərəli istifadəsinə imkan yaradacağını bildirib.

Çinin Uzaqdan Zondlama Komitəsinin sədri, Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun Uzaqdan Zondlama Peyk Tətbiqi üzrə Milli Mühəndislik Tədqiqat Mərkəzinin direktoru, akademik Gu Xinqfa çıxışında yüksək səviyyəli konfransın təşkilinə və beynəlxalq əmədaşlığa hədəflənən dəvətə görə öz təşəkkürlərini ifadə edib. Cəmiyyətin iqtisadi, geosiyası inkişafı və sivilizasiya mübadiləsi üçün qabaqcıl dünya dövlətlərilə bilik mübadiləsi aparılmasının zəruriliyini qeyd edən G.Xinqfa rəqəmsal nəqliyyat, aerokosmik tədqiqatlar, informasiya texnologiyalarının inkişafı istiqamətlərində İdarəetmə Sistemləri İnstitutu ilə birgə elmi tədqiqatların aparılması barədə təkliflərini səsləndirib.

Konfransda çıxış edən Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski dünyada mövcud olan müxtəlif trans-kontinental nəqliyyat dəhlizlərinin istifadəsi zamanı siyasi, mədəni və elmi əlaqələrlə bağlı meydana gələn çətinliklərdən bəhs edib. Alim istehsal və ticarət əlaqələrinin, habelə dünya iqtisadiyyatının inkişafı, daha əlverişli, sürətli və sərfəli beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üçün Qara dəniz və Xəzər dənizi ölkələrinin əməkdaşlığından söz açıb.

Sonda Özbəkistan Respublikasının Ali Təhsil üzrə Respublika Konsulu Yulbarskhon Mansurov çıxış edərək ikinci dəfə olaraq Azərbaycanda baş tutan bu konfransın unikallığı, irəli sürülən gələcək istiqamətli elmi və təşkilati-iqtisadi məsələlərin birgə müzakirəsi və qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb və innovativ sahibkarlığın inkişafını səciyyələndirən məsələləri nəzərə çatdıran alim konfransın istiqamətləri barədə təkliflərini səslənidirib.

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib.

Hər iki tədbirdə nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması istiqamətində ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması barədə danışıqlar aparılıb, birgə layihələrin hazırlanması, qrantların elan olunması və gələcək perspektivlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: