Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

08.06.2023 11:40
  • A-
  • A
  • A+

Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafına daha bir töhfə

Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafına daha bir töhfə

Azərbaycanla Özbəkistan arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Müstəqilliklərini bərpa etdikdən sonra hər iki respublika qarşılıqlı münasibətlərin genişlənməsinə daha da önəm verir.

Ötən ilin iyun ayında dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Daşkənddə keçirilən Özbək-Azərbaycan biznes forumu ölkələr arasında əlaqələrin inkişafına yeni impuls verib. Forum çərçivəsində müxtəlif sahələri əhatə edən qurumlar arasında əməkdaşlıq memorandumları, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyi, həmçinin hər iki ölkənin elmlər akademiyaları arasında elmi əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

2022-ci ilin sentyabrında AMEA Mərkəzi Elmi Kitabxanası və Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında, cari ilin fevralında isə AMEA və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

“Mədəni irs obyektlərinin qorunması və istifadəsi: nəzəri və tətbiqi istiqamətlər”, “Əlişir Nəvai və XXI əsr” və s. müştərək elmi konfransların keçirilməsi AMEA ilə Özbəkistanın müvafiq elm və təhsil qurumları arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Bundan əlavə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi, Əlişir Nəvai adına ədəbiyyatşünaslıq mərkəzi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan mərkəz, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi, Səmərqəndə yerləşən Dostluq Evində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın Milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ikitərəfli əməkdaşlığa dair saysız-hesabsız nümunələr sadalamaq olar.

Bu yaxınlarda AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, memarlıq doktoru, professor Rayihə Əmənzadə Özbəkistanda keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak edib. Alim səfər haqqında təəssüratlarını, apardığı tədqiqatlar və gələcək planlarını bizimlə bölüşüb.

- Özbəkistana səfəriniz nə ilə yadda qalıb?

- May ayında Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiya Nazirliyi, Səmərqənd vilayət hakimiyyəti və Mirzə Uluqbəy adına Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Səmərqənddə “Dayanıqlı memarlıq: bu gün və sabahın nailiyyətləri və problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilib. Səmərqənd çox gözəl təəssüratlarla yadda qalıb. Bu heç də təəccüblü deyil. Hələ 2001-ci ildə şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Memarlıq tədqiqatçısı kimi məni ilk növbədə dünyanın hər yerindən çoxsaylı turist axınına səbəb olan şəhərin vahid memarlıq üslubu, koloriti heyrətləndirir.

Vurğulayım ki, Səmərqənddə dəfələrlə olmuşam, bu şəhərə, onun memarlığı, mühiti və xeyirxah insanlarına sevgim uzun illərdir ki, davam edir.

Konfransın açılış mərasimi şəhərin mərkəzində yerləşən Registan meydanında təşkil olunmuşdu. Registan öz tarixi-mədəni abidələri ilə məşhurdur. Burada XV-XVII əsrlərə aid 3 mədrəsədən ibarət memarlıq kompleksi yerləşir. Uluqbəy, Şerdor və Tillə-Kari mədrəsələrindən ibarət ansambl şəhərsalma və memarlığın, həmçinin bədii memarlıq dekorunun olduqca unikal və gözəl nümunəsidir.

Bir neçə kəlmə Teymurilər dövlətinin görkəmli hökmdarı, tanınmış riyaziyyatçı, astronom, maarifçi və şair Mirzə Uluqbəy haqqında demək istəyirəm. Qeyd edim ki, konftransın özü Uluqbəy mədrəsəsində təşkil olunmuşdu. Rəvayətə görə, Əmir Teymurun nəvəsi Uluqbəy uşaqlıqda XIII əsr dahi Azərbaycan maarifçisi, riyaziyyatçısı, astronomu, fəlsəfə, coğrafiya, tibb və digər sahələrə aid əsərlərin müəllifi Nəsirəddin Tusi tərəfindan əsası qoyulmuş Marağa rəsədxanasının qalıqlarını ziyarət edib və bu hadisə onda astronomiyaya maraq yaradıb. Təsadüfi deyil ki, XV əsrin 20-ci illərində Uluqbəy Səmərqənddə dövrünün ən tanınmış rəsədxanalarından birinin əsasını qoyub. Vurğulamaq lazımdır ki, bu rəsədxanada Nəsirəddin Tusinin tələbələrinin tələbələri çalışıb.

Konfransa gəldikdə isə özbək həmkarlarımızla yanaşı, tədbirdə Türkiyə, Qazaxıstan, Yaponiya və Tatarıstandan alim və mütəxəssislər iştirak edib. Azərbaycanı mən təmsil etmişəm. Beynəlxalq elmi konfransın olduqca yüksək səviyyədə təşkil olunduğunu xüsusilə vurğulamaq istəyirəm.

Ümumiyyətlə Özbəkistanda elm və təhsilin inkişafına böyük diqqət yetirilir, sərmayələr qoyulur, xaricdən, o cümlədən Türkiyədən yüksəkixtisaslı kadrlar dəvət olunur. Universitetin rektoru da türkiyəli professor Çiğdem xanım Canbay Türkyılmazdır. Qeyd etmək istəyirəm ki, türk həmkarlarımız Özbəkistanda bu sahənin inkişafına böyük dəstək verirlər. Uzun illər İzmirdə çalışan soydaşımız professor Pərviz Əhmədzadəni tədbirdə görmək olduqca sevindirici idi. Hazırda alimimiz öz fəaliyyətini müqavilə əsasında Özbəkistanda davam etdirir.

Konfransda Səmərqənddə şəhərsalma prosesi, Qazaxıstanda enerji baxımından səmərəli memarlıq, Yaponiyada memarlıq irsinin 3D arxivləşdirilməsi, Özbəkistan memarlığında üslubların təkamülü və digər mövzulara aid biri birindən maraqlı məruzələr təqdim olunub. Mənim məruzəm orta əsr Azərbaycan memarlıq ansambllarına həsr edilmişdi. Xüsusilə vurğulamaq istəyirəm ki, alimlərlə yanaşı, konfransda tələbə və gənc mütəxəssislər də məruzələrlə çıxış edirdi. Bu, elmin cavanlaşmasına yönələn mühüm addımlardan biridir.

- Siz başqa konfransda da iştirak etmisiniz?

- Bəli, digər tədbir Daşkənd şəhərində görkəmli alim, memarlıq doktoru, professor Məhəmməd Əhmədovun xatirəsinə həsr olunmuş “Şəhər “dizayn-kodu”na aid qaydaların formalaşması tendensiyaları və memarlıq mühitinin prioritet problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans idi. Daşkənd Memarlıq və İnşaat Universiteti (DMİU) tərəfindən təşkil olunmuş bu tədbirdə iştirak mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki mərhum professor mənim doktorluq dissertasiyamın birinci opponenti olub. Apardığım tədqiqatları yüksək qiymətləndirən Məhəmməd Kasimoviçin ailə üzvləri də konfransda iştirak edirdi.

DMİU-nun da rektoru türkiyəli professor Ərcan Kahyadır. Konfransda Türkiyə, Çin, Rusiya və Qazaxıstanı təmsil edən alimlər iştirak edirdi. Həmkarlarımız İstanbulun tarixi dizayn-kodu, Buxara şəhərinin orta əsr memarlıq ansamblları, şəhərsalma və planlaşdırma zamanı müasir texnologiyalardan istifadə, memarlıq abidələrinin informasiya modelləşdirilməsi və digər məsələləri əhatə edən məruzələrlə çıxış etdilər. Mənim məruzəm Gəncənin Cümə məscidi memarlıq kompleksinə həsr olunmuşdu.

Yuxarıda bildirdiyim kimi, elmi tədbirlərin yüksək səviyyədə təşkili hamını heyrətləndirib, bunu bütün konfrans iştirakçıları qeyd edib. Tədbir çərçivəsində biz tarixi mərkəzi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan Buxara şəhərini də ziyarət etdik. Yeri gəlmişkən, 2004-cü ildə Buxarada də Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Ümumiyyətlə, tarixi-mədəni abidələrin çoxluğuna görə Səmərqənd və Buxara əminliklə açıq səma altında muzeylər adlandırıla bilər. Buxarada biz Şeybanilər sülaləsinə aid memorial abidələri ziyarət etdik. Məni təəccübləndirən məqam o idi ki, daxma məzarlar adlandırılan bu abidələr Teymurilər sülaləsinin memorial abidələrilə yan-yana yerləşir.

- Ayrıca sizin elmi maraqlarınız haqqında danışmaq istərdik. Məlumdur ki, siz 8 kitab (onlardan ikisi həmmüəllif kimi) və 250-dən çox elmi məqalənin müəllifisiniz. Bu yaxınlarda AMEA-nın müxbir üzvü Rəna xanım Məmmədova-Sarabskayanın haqqınızda yazdığı materialla tanış oldum. Elmi fəaliyyətinizdən bəhs edərkən alim qeyd edir ki, elmi işinizin sahələri Azərbaycan sənətşünaslığına yenilik gətirib. Tədqiqatlarınız hansı sahələri əhatə edir?

- Əsasən mən Orta əsr Azərbaycan memarlığının öyrənilməsi ilə məşğul oluram. Alim kimi yetişməyimdə akademik Əbdülvahab Salamzadə böyük rol oynayıb. Mən alimin son aspirantı olmuşam, onun rəhbərliyi altında “Azərbaycan memarlığında portal kompozisiyalar” adlı namizədlik dissertasiyamı müdafiə etmişəm. Həmçinin mən hər zaman görkəmli memar və memarlıq tarixini araşdıran alim, Azərbaycan Elmlər Akademiyasının həmtəsisçisi, akademik Mikayıl Useynov, tanınmış sənətşünas və arxeoloq, Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü Q.A.Puqaçenkova, AMEA-nın həqiqi  üzvü, professor Ş.Fətullayevin adlarını çəkməyi özümə borc bilirəm. Azərbaycan və Şərqin tədqiqatçıları olan bu alimlər mənim taleyimdə xüsusi rol oynayıb və mən onların yaratdığı elmi məktəblərin ənənələrinə sadiq qalmağa çalışıram.

2009-cu ildə mən XI-XVII əsr Azərbaycan memarlığının kompozisiya qanunauyğunluqlarının öyrənilməsinə həsr olunmuş doktorluq dissertasiyamı müdafiə etmişəm.

Vurğulamaq istərdim ki, bütün işlərim uzunillik gərgin əməyin nəticəsidir. Hər kitabın ərsəyə gəlməsi üçün mən İran, Türkiyə, Mərkəzi Asiya ölkələrinə səfərlər edib, bu ölkələrdə yerləşən kitabxana və muzeylərdə qorunan materiallarla, buranın memarlıq abidələri, xüsusilə də azərbaycanlı memarlar tərəfindən inşa edilən abidələrlə tanış olmuşam. Yazdığım elmi əsərlərin özəlliyi öyrənilən problemə çoxşahəli yanaşma ilə əlaqədardır. Fikrimcə, yenilik məhz bundan ibarətdir.

- Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edirsinizmi?

- Azərbaycan Memarlar İttifaqının üzvü olmağımla yanaşı ölkəmizi bir sıra müvafiq beynəlxalq təşkilatlarda təmsil edirəm. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) müxbir üzvü, Beynəlxalq Memarlıq Akademiyasının (BMAM) həqiqi üzvüyəm. UNESCO tərəfindən təsis edilən bu qurum memarlıq və şəhər planlaşdırılmasının dayanıqlı inkişafı, memarlıq və şəhərsalma sahəsində tədris və biliklərin təbliğinə dair proqramlar həyata keçirir. Qeyd edim ki, respublikamızı beynəlxalq məkanda təmsil edən bütün azərbaycanlı alimlərin ali məqsədi Vətənimizin zəngin mədəni irsinin dünyada təbliği, onun əhatəli və hərtərəfli öyrənilməsinə yönələn tədbirlərin həyata keçirilməsindən ibarətdir.

- Hazırda nə ilə əlaqədar tədqiqatlar aparırsınız?

- Hazırda mən əsasən XV-XVIII əsrlərdə Azərbaycanı ziyarət etmiş səyahətçilər, səfirlər, tarixçilər və digərlərinin memuarlarında öz əksini tapan memarlıq nümunələrinə dair tədqiqatlar aparıram. Ambroco Kontarini, İosafat Barbaro, Katerino Dzeno, Pyetro della Valle, Engelbert Kempfer, Adam Oleari, Jan-Batist Tavernye, Övliya Çələbi və başqaları əsas missiyaları ilə yanaşı ziyarət etdikləri şəhərlərin, o cümlədən burada yerləşən memarlıq abidələrinin təsvirlərini yaradıblar. Bu istiqamət elmdə “səyahətlər ədəbiyyatı” adlanır. Azərbaycanın memarlığına xarici səyahətçilər, coğrafiyaçılar, tarixçilərin gözü ilə baxmaq həm çox maraqlıdır, həm də ölkəmizin olduqca zəngin memarlıq irsinin öyrənilməsi baxımından olduqca zəruridir.

- Zəhmət olmasa, rəhbəri olduğunuz şöbənin fəaliyyəti haqqında məlumat verərdiniz. Şöbədə hansı sahədə tədqiqatlar aparılır?

- Memarlıq tarixi və nəzəriyyəsi şöbəsi AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi şöbələrindən biridir. Şöbəmizdə memarlığın inkişafı ilə bağlı çoxşaxəli tədqiqatlar aparılır, Azərbaycan və ətraf ölkələrin memarlığının qarşılıqlı əlaqələri və təsiri məsələləri öyrənilir.

Həmçinin vurğulamaq istəyirəm ki, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq şöbəmiz regionun memarlıq abidələrinə dair tədqiqatlar aparır. Bu ilin planında Şuşa şəhərinin memarlığıdır. Bundan əlavə, Qarabağın şəhərlərinin tarixi simasının bərpasına yönələn təkliflər hazırlanır.

- Maraqlı söhbətə görə təşəkkür edirik. Sizə can sağlığı və gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müsahibəni apardı: Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: