İyunun 9-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Zəriflikdən hikmətə: Orta əsr ədəbiyyatında “Çiçək” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq 2023-cü ilin iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin keçirilməsi ilə əlamətdar olduğunu qeyd edərək orijinallığı və aktuallığı ilə seçilən tədbirin mühüm mövzuya həsr edildiyini bildirib. AMEA rəhbəri akademik Zərifə Əliyevanın hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğunu, əsərlərinin bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır. Məhz bu baxımdan, bugünkü konfransın da zəriflik, hikmət və çiçəklə assosiasiya edilməsi də təbiidir.
AMEA-nın vitse-prezidentləri, akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, millət vəkili Jalə Əliyeva və tibb elmləri doktoru, professor Paşa Qəlbinur çıxışlarında Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb, alimin ictimai fəaliyyətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün məsuliyyətlə davam etdirildiyini vurğulayıblar.
Konfransın bədii hissəsində akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub və qonaqlar Əlyazmalar İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi ilə tanış olublar.
Məruzələrin dinlənilməsi ilə davam edən konfransda Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova “XIX əsr Azərbaycan lirikasında “Süsən” çiçəyi”, böyük elmi işçi Şəhla Xəlilli “Türk Osmanlı ədəbiyyatının nümayəndəsi Əlaəddin Sabit Bosnəvinin “Lalə” rədifli qəzəli”, böyük elmi işçi Aysel Acalova “Kamal Ümmi “Divan”ında çiçək motivi”, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva “Gül adları bədii təsvir vasitələri kimi”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Təsəvvüf ədəbiyyatında çiçək simvolikası”, böyük elmi işçi Tahirə Əliyeva “Ürəklərə nur verən alim qadın, müdrik ana – akademik Zərifə Əliyeva” və böyük elmi işçi Sevinc Rəhnulla “Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış “Gül dəftəri” mövsunda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.