Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.06.2023 16:46
  • A-
  • A
  • A+

Tatarıstanın ictimai xadimləri Mərkəzi Elmi Kitabxananın qonağı olublar

Tatarıstanın ictimai xadimləri Mərkəzi Elmi Kitabxananın qonağı olublar

Tatarıstanın Yazıçılar İttifaqının (TYİ) keçmiş sədri, Əməkdar incəsənət xadimi, jurnalist Danil Salihov və “Salam Tatarıstan” beynəlxalq mərkəzinin rəhbəri, ictimai xadim Emin Ramazanov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Qonaqları MEK-in baş direktoru, professor Məmməd Əliyev qarşılayaraq kitabxananın tarixi, fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, 100 illik tarixi olan olan Mərkəzi Elmi Kitabxana oxucularına həm ənənəvi, həm də elektron xidmət göstərir. Diqqətə çatdırılıb ki, MEK-in zəngin fondları dünya dillərinin çoxunda, o cümlədən tatar dilində nəşrləri özündə cəmləşdirir.

Daha sonra qonaqlar kitabxana ilə yaxından tanış olublar. Öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib. Baş direktor buradakı guşələr haqqında ətraflı məlumat verib, toplanan dəyərli nəşrlərdən bəhs edib. Professor M.Əliyev qeyd edib ki, fond istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin hər bir şəhidi, qazisi, iştirakçısı haqqında məlumat toplayaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür. Yaradıldığı gündən etibarən fondu çoxlu sayda şəhid ailə üzvlərinin ziyarət etdiyini qeyd edən baş direktor qonaqlara “Xocalı şəhidləri 613” kitabını hədiyyə olaraq təqdim edib.

Yazıçı Danil Salihov öz növbəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsindən təsirləndiyini və ölkəmizə daim dəstək olduqlarını qeyd edib. D.Salihov müəllifi olduğu nəşrləri MEK-ə hədiyyə edib.

Sonda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü xarici ziyarətçilərə MEK-in Diplomatik fondunda toplanan nəşlər haqqında ətraflı məlumat verib, xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: