Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2023 15:36
  • A-
  • A
  • A+

Ulu Öndərin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq konqres öz işinə başlayıb

Ulu Öndərin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq konqres öz işinə başlayıb

İyunun 21-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq konqres öz işinə başlayıb.

Azərbaycanın ev sahibliyi etdiyi, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Tədbirdən öncə beynəlxalq konqres iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, görkəmli dövlət xadiminin xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra AMEA-nın Əsas binasında təşkil olunmuş sərgiyə baxış keçirilib.

Dünyanın 7 ölkəsindən 28 alim və mütəxəssisin iştirak etdiyi konqres “Heydər Əliyev və Azərbaycanda torpaq islahatı” mövzusunda videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi ilə bağlı elm sahələri arasında özünəməxsus yer tutan torpaqşünaslıq elminin aqrar-sənaye ölkəsi olan Azərbaycanda böyük ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə torpaqşünaslıq elminin çiçəklənməsi, xalq təsərrüfatının real ehtiyaclarının ödənməsinə, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı problemin həllinə ciddi şəkildə köklənməsi məhz 1970-ci illərə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.

AMEA rəhbərinin sözlərinə görə, Heydər Əliyevin tövsiyə və tapşırıqları əsasında, onun nəzarəti altında respublikada torpaqların geniş şəkildə monitorinqi, qiymətləndirilməsi, xəritələşdirilməsi aparılmış, bu istiqamətdə çoxsaylı monoqrafiyalar, kitablar, metodiki göstərişlər nəşr olunmuş, elmi-nəzəri və praktiki əhəmiyyətli dissertasiya işləri müdafiə edilmişdir.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük uğurla həyata keçirilmiş torpaq islahatları da Ulu Öndərin adı ilə bağlı olmuş və torpaqşünas alimlərin fəal iştirakı ilə aparılmışdır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

O, son onilliklərdə qlobal ekoloji dəyişikliklərin, təbiətə daim intensivləşən antropogen təsir nəticəsində torpaqşünaslıq elminin inkişafına olan ehtiyacın durmadan artmaqda olduğunu bildirib. AMEA prezidenti qeyd olunan problemlərin biomüxtəlifliyə təhlükə törətdiyini söyləyərək, hazırda ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Su problemlərinin də hazırda həyati vacib məsələlərdən olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə əhəmiyyətli Dövlət proqramlarının qəbul olunduğunu bildirib.

AMEA rəhəri iqlim dəyişməsi və davamlı torpaq idarəetməsi məsələlərinə həsr olunan bugünkü konqresin müvafiq sahə üzrə elmi ictimaiyyəti bir araya gətirməklə torpaqşünaslıq, torpaqların istifadə və idarə olunmasına dair ən son nəzəri və texnoloji nailiyyətlərin paylaşılması və müzakirə olunması, eləcə də elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə və bu məqsədlərə nail olunmasında ciddi bir mərhələ olacağına əminliyini ifadə edib.

Sonra çıxış edən Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının 2012-ci ildə Azərbaycan, Türkiyə, Rusiya və Qazaxıstanın torpaqşünas alimlərinin təşəbbüsü ilə yaradıldığını bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, federasiyanın əsas məqsədi torpaqların dinamik hissəsi haqqında məlumatları bölüşmək, torpaq münbitliyinin formalaşması, torpaq ehtiyatları və onların səmərəli istifadəsi, aqroekoloji və ekoloji qiymətləndirilməsi, çirklənmə, eroziya və s. mövzularda torpaqşünas alimlər arasında körpü yaratmaq və yaranan problemlərin həll yollarının müəyyənləşdirilməsini təmin etməkdir.

Beynəlxalq konqresin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsini əlamətdar hadisə adlandıran akademik Qərib Məmmədov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkədə kənd təsərrüfatının və aqrar sahənin inkişafında mühüm nailiyyətlərə imza atıldığını qeyd edib. Alim hələ keçmiş sovet dövründə Ümummilli Liderin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan, o dövrdə keçirilən dövlət əhəmiyyətli müşavirələrdən bəhs edib.

Akademik Qərib Məmmədov diqqətə çatdırıb ki, məhz həmin dövrdə Ulu Öndərin diqqət və qayğısı nəticəsində ölkədə aqrar sahədə, meliorasiya və su təsərrüfatı, pambıqçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrində uğurlu islahatlar aparılıb, bir sıra qərar, Fərman və sərəncamlar imzalanıb, Dövlət proqramları və qanunlar qüvvəyə minib.

Beynəlxalq tədbirin aktual mövzuya həsr olunduğunu deyən federasiya prezidenti yerli və xarici alimlərin qarşıya qoyulan məqsədlərə nail olacağına əminliyini bildirib, konqresin işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək ölkənin və xalqın ən qiymətli sərvəti olan torpağın bitki və heyvan növlərinin yaşayış məskəni, həyatlarını təmin edən mühitin vacib komponenti olduğunu bildirib. Alim qeyd edib ki, bu amillər torpaqla bağlı elm sahələrini aqrar elmlə yanaşı, biologiya elminə də doğmalaşdırır və biologiyanın bir sıra istiqamətlərinin torpağa həssaslıqla yanaşmasına səbəb olur.

Akademik İradə Hüseynova Azərbaycanda torpaqşünaslıq elminin yaradıcılarından biri olmuş akademik Vladimir Volobuyevin, görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin, eləcə də böyük ekoloq alim, akademik Həsən Əliyevin torpaqşünaslığın fundamental elm sahəsi kimi inkişafına böyük dəstək verən alimlərimizdən olduqlarını xatırladıb.

“Azərbaycan iqtisadiyyatında hər zaman mühüm yer tutan aqrar sahə ilə bağlı elm sahələrinin, o cümlədən torpaqşünaslığın dinamik inkişafının təmin edilməsi Ulu Öndərin apardığı elm siyasətinin vacib elementlərindən olmuşdur, - deyən vitse-prezident ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsində Azərbaycanın torpaqşünas alimlərinin rolunu xüsusi vurğulayıb.

Bu gün ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması problemlərinin həll edilməsi istiqamətində elm qarşısında mühüm vəzifələr müəyyən etdiyini qeyd edən akademik İradə Hüseynova bildirib ki, daha dəqiq və əhatəli rəqəmsal-interaktiv xəritələrinin hazırlanması, antropogen və təbii təsirlər nəticəsində transformasiyaya, kəskin dəyişikliklərə, eroziya və şorlaşmaya uğramış torpaq tipləri və növlərinin “Qırmızı kitabının hazırlanması xüsusilə aktuallıq kəsb edir.

Vitse-prezident vurğulayıb ki, bu mühüm vəzifələrin səmərəli icrasına nail olmaq üçün maddi-texniki bazanın modernləşdirilməsi ilə yanaşı, elm adamlarının, elmi ictimaiyyətin daim ünsiyyətdə olması, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, torpaq tədqiqatlarına müxtəlif elm sahələrinin cəlb edilməsi və ortaq araşdırmaların reallaşdırılmasına dəstək verilməsi vacibdir.

Konqresdə, həmçinin Türkiyənin 19 May Universitetinin əməkdaşı Ridvan Kızılkaya, Pakistanın Kamalia Universitetinin rektoru, prof. Sacid Rəşid Əhməd, Belarusun Brest Dövlət Universitetinin əməkdaşı, prof. Yuri Mojayiski və başqaları çıxış edərək tədbirin torpaqşünaslığa dair multidissiplinar yanaşmalara diqqət yetirilməsinə dəstək verəcəyini bildiriblər.

Beynəlxalq tədbir öz işini plenar iclaslarla davam etdirib.

Qeyd edək ki, konqresə iyunun 22-də yekun vurulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: