Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.07.2023 11:59
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində görkəmli nizamişünas alim Xəlil Yusiflinin xatirəsi yad edilib

AMEA-nın Gəncə Bölməsində görkəmli nizamişünas alim Xəlil Yusiflinin xatirəsi yad edilib

 

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, “Şöhrət” ordenli, professor Xəlil Yusiflinin (1935-2022) anadan olmasının 88-ci ildönümü qeyd edilib və alimin yenicə çapdan çıxmış “Nizami və Şərq intibahı” monoqrafiyasının təqdimatı olub.

Bölmənin dəyirmi salonunda keçirilən anım görüşünə əksəriyyəti bu böyük alim və pedaqoqun yetirməsi olmaqla, Gəncənin elmi və yaradıcı mühitinin nümayəndələri qatılıb. Professor Xəlil Yusiflinin övladları – oğlu, Gəncə Dövlət Universitetinin müəllimi Toğrul Yusifli, qızı, həmin universitetin dosenti Afaq Yusifli də tədbirdə iştirak ediblər.

Əvvəlcə görkəmli nizamişünasın ömür yolu və elmi fəaliyyətinə dair videofilm nümayiş olunub.

Anım tədbirinin açılışına dair çıxışında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli ədəbiyyatşünas alim, nizamişünaslığımızın patriarxı professor Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğunu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığını, həmişə hörmət və rəğbətlə çəkildiyini, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyini bildirib.

Akademik F.Əliyev görkəmli alimin övladlarının bu tədbirdə iştirak etmələrindən məmnun olduğunu da dilə gətirib. O, həmçinin alimin vaxtılə rus dilində çıxmış sanballı əsərlərindən olan “Nizami Gəncəvi və Şərq intibahı” kitabının Gəncə Bölməsi tərəfindən ana dilimizdə nəşr edilmiş variantını da təqdim edib.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Professor Xəlil Yusifli və Azərbaycan nizamişünaslığı”, Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Afaq Yusifli “Xəlil Yusiflinin tədqiqatlarında intibah mövzusu və Nizami Gəncəvi”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Nizami Gəncəvi yaradıcılığında Azərbaycan tarixi”, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı”, Gəncə Bölməsinin Elmi kitabxansının direktoru Vüsalə Hüseynova “Professor Xəlil Yusiflinin elmi və ədəbi irsi kitabxanalarda”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçiləri Aynur Mirişli “Müəllim kimi xatirələrdə yaşayan alim-professor Xəlil Yusifli”, Leyla Kərimova “Professor Xəlil Yusifli və AMEA Gəncə Bölməsi”, Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov “Professor Xəlil Yusifli ilə bağlı yaddaqalan anlar” mövzularında çıxış ediblər. Onlar, həmçinin görüşün digər iştirakçılarından AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, yazıçı İnqilab İsaq, Gəncə Dövlət Universitetinin professoru Yadigar Əliyev, AMEA-nın Gəncə Bölməsinin elmi katibi Elnur Həsənov çıxış edərək, görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən danışıb, Xəlil Yusiflinin yüksək mənəvi və insani xüsusiyyətlərini özündə əks etdirən xatirələrini bölüşüblər.

Alimin övladları bir daha onun xatirəsinə və elmi irsinə daim xüsusi diqqətə görə AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün yekununda akademik Fuad Əliyev Gəncə Bölməsi tərəfindən görkəmli alimin irsinin öyrənilməsi, eləcə də onun əsərlərinin yeni nəşrləri istiqamətində aparılan işlərin daim diqqətdə saxlanılacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: