Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.07.2023 14:31
  • A-
  • A
  • A+

“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günləri keçirilib

“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günləri keçirilib

Avropa Komissiyasının (AK) “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin təşkilatçılığı ilə MƏŞŞ üzvləri tərəfindən müxtəlif qurumlarda məlumat günləri keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilən tədbirdə “Horizon Avropa” proqramının Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev AK-nın çərçivə proqramları, “Horizon Avropa” proqramının klasterlərinin əhatə dairəsi və maliyyə imkanları, proqrama müraciət üçün tələblər üzrə ətraflı məlumat verib.

Həmin klaster üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov hazırda fəaliyyətdə olan İş proqramı üzrə araşdırmaların aparılması, müvafiq çağırışların seçilməsi və müraciət qaydaları, həmçinin İKT üzrə açıq olan çağırışlar haqıında məlumatı təqdim edib.

Cəmiyyət üçün Mülki Təhlükəsizlik klasteri üzrə MƏŞ, Bakı Mühəndislik Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova Marie Sklodovska-Küri Fəaliyyəti çərçivəsində imkanlar, elmi mübadiləni dəstəkləyən qrup şəklində tədqiqat proqramları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təkliflərini diqqətə çatdırıb. Məruzəçi, həmçinin “Horizon Avropa” portalında qeydiyyat və layihə təkliflərinin tərtibi qaydalarını təqdim edib.

İqlim, Enerji və Mobillik klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Horizon Avropa” portalında çağırışlar üzrə iş, tərəfdaşlarla əlaqələrin qurulması qaydaları və müvafiq çağırışlar haqqında məlumat verib.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova “Horizon Avropa” çağırışlarına qoşulmaq üçün geniş imkanlar açan COST proqramı haqqında  məlumat verib. Qeyd olunub ki, Azərbaycan mütəxəssisləri hazırda 30-dan çox layihədə iştirak edir.

Milli Aviasiya Akademiyasında əvvəl keçirilmiş məlumat gününün davamı kimi “Horizon Avropa” çağırışlarına təqdim ediləcək layihə təkliflərinin hazırlanması qaydalarına həsr edilmiş tədbir təşkil edilib. Tədbirdə Cəmiyyət üçün Mülki Təhlükəsizlik klasteri üzrə MƏŞ, Bakı Mühəndislik Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova layihə təklifi üçün ərizə formasının doldurulması qaydaları, layihələrin elmi yeniliyi, əldə ediləcək nəticələrin yazılması və müşayiətedici sənədlərin hazırlanmasına olan tələbləri iştirakçıların diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: