AMEA Naxçıvan Bölməsində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin möhkənməndirilməsi” mövzusunda Heydər Əliyev lektoriyasının 68-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, azadlıq, müstəqillik xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir.
Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəb və çətin məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolunun danılmaz olduğunu söyləyən İ.Hacıyev qeyd edib ki, bəşəriyyətin yetirdiyi ulu öndər Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən dəyərli nümunələrdəndir.
Daha sonra Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Ümummili lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, xalqımız daim öz müstəqilliyini və suverenliyini təmin etməyə çalışıb, tarixin müəyyən dövrlərində buna nail olaraq zəngin dövlətçilik ənənələri yaradıb.
E.Şıxəliyev ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Məruzəçi bildirib ki, məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, əbədi xarakter alıb, ölkəmiz bugünkü inkişafa, tərəqqiyə qovuşub.
Akademik İ.Hacıyev lektoriyanın ümummilli lider Heydər Əliyevin qurucusu olduğu dövlətin, Azərbaycanın dövlət müstəqilliyinə həsr olunduğunu bildirərək məşğələyə yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir