Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Azərbaycanın ilk milli ensiklopediyasına həsr edilən növbəti buraxılışı yayımlanıb
25.07.2023 17:16
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Azərbaycanın ilk milli ensiklopediyasına həsr edilən növbəti buraxılışı yayımlanıb

İyulun 24-də AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin Azərbaycanın ilk milli ensiklopediyasına həsr edilən birinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə bildirilib ki, hər bir millətin tarix boyu keçdiyi yolu, kimliyi tanıması, dərk etməsi üçün milli ensiklopediyaya malik olmasına böyük ehtiyac duyulur. Hər bir xalqın ensiklopediyasının yaradılmasının önəminə toxunan R.Hüseynov milli ensiklopediyaların millətlərin kimlik kitabı olduğunu vurğulayıb.

“Milli ensiklopediya xalqı tarix içərisində göstərən bir güzgüdür”, - deyən akademik R.Hüseynov xalqı gələcək nəsillərə olduğu ucalıqda təqdim etmək üçün milli ensiklopediyanın düzgün tərtib olunmasının vacibliyindən danışıb.

Akademik R.Hüseynov tarixən ensiklopediyalara böyük önəm verildiyini qeyd edərək XIX əsrdə ensiklopediyanın hərtərəfli biliklər anlamında işlədilən “maarifləndirmə dairəsi” adlandırıldığını diqqətə çatdırıb. 

Verilişdə akademik R.Hüseynov dünyada ilk ensiklopediyanın yaranma tarixindən söz açıb, ən qədim, dövrümüzə tam şəkildə gəlib çatmış, Roma tarixçisi Plinius tərəfindən tərtib olunmuş latın dilində olan sistematik ensiklopediya və digər ensiklopediyalar haqqında məlumat verib.

Alim bildirib ki, Azərbaycanın ilk milli ensiklopediyasının yaradılması xalqımız üçün həmişə yaşayacaq kitablar qoyub getmiş şair Rəsul Rzanın Azərbaycan xalqının ən uzaq gələcəklərinə hesablanmış büyük xidmətlərindən biridir. Akademikin sözlərinə görə, Rəsul Rzanın 10 il ərzində ətrafına topladığı məsləkdaşları ilə birlikdə hazırladığı bu ensiklopediya Sovet dövründə işıq üzü görsə də, yayılmasına imkan verilməmişdir. R.Hüseynov əlavə edib ki, az nüsxədə çap olunmuş bu ensiklopediya bu günümüzə gəlib çatmışdır.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: