Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.07.2023 15:57
  • A-
  • A
  • A+

Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib

Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Abdullayev adına Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib.

Tədbiri giriş sözü ilə Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəyli açıb. O bildirib ki, tədbirdə məqsəd özbəkistanlı alimlərin elmi fəaliyyəti ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Daha sonra Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin aspirantı Firdavsi Tursunovun məruzəsi dinlənilib. O, Səmərqənd Dövlət Universiteti, burada fəaliyyət göstərən fakültələr, tədris prosesi haqqında məlumat verib. Çıxışının davamında F.Tursunov hazırda elmi araşdırmalar apardığı nanokimya sahəsindən də bəhs edib.

Tədbir kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatovun məruzəsi ilə davam edib. O, Səmərqənd Dövlət Universitetinin Kimya fakültəsində fəaliyyət göstərən laboratoriyalar, burada quraşdırılan müasir tələblərə cavabverən avadanlıqlar, aparılan tədqiqatlar haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov çıxış edib. O, informasiya mübadiləsi, birgə əməkdaşlıq, təlim və kursların təşkilinin vacibliyi və kadr mübadiləsindən danışıb. R.Rüstəmov, həmçinin  institutda fəaliyyət göstərəm “Renessans” təşkilatı haqqında da qonaqlara məlumat verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: