Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.07.2023 11:07
  • A-
  • A
  • A+

“Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib

“Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib

Şəki Rayon Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib.

Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərhad Əzizov tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunduğunu və bununla əlaqədar ölkəmizdə və xaricdə Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin həyata keçirildiyini bildirib. O, bugünkü mərasimin silsilə tədbirlərin tərkib hissəsi olduğunu qeyd edərək, dahi liderin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb.

Daha sonra AYB-nin Şəki bölməsinin sədri, görkəmli şair, yazıçı, dramaturq Vaqif Aslan “Heydər Əliyev şəxsiyyətinə baxış” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Ulu Öndərin qeyri-adi zəkası, fitri istedadı, müdrikliyi ilə müasir dünya tarixində parlaq izlər qoyduğunu vurğulayıb. O, bu gün də dünya siyasətçilərinin Ümummilli Liderin dövlətçilik təcrübəsindən faydalandıqlarını mühüm faktlarla diqqətə çatdırıb.

Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kamil Adışirinov “Heydər Əliyev və İlham Əliyevin mədəniyyət və ədəbiyyat siyasətində Şəki” adlı məruzə ilə çıxış edib. Kamil Adışirinov Ulu Öndərin Azərbaycanda bütün sahələrin inkişafında olduğu kimi, mədəniyyət və ədəbiyyat sahələrinin çiçəklənməsində, o cümlədən Şəkidə mətbuatın, teatrın, ədəbiyyatın formalaşmasında və inkişafında müstəsna rolu olduğunu vurğulayıb.

Bölgə yazarlarının Balakən nümayəndəsi, “Çeşmə” Ədəbi Birliyinin sədri Nəsihət Vahidova “Heydər Əliyevin yazarlara münasibəti” adlı məruzəsində Heydər Əliyevin incəsənətə, ədəbiyyata və ədəbiyyat adamlarına diqqət və qayğısısından danışıb. O, Ulu Öndərin xatirəsinə həsr etdiyi şeiri səsləndirib.

Şəki REM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Çağdaş şeirimizdə Heydər Əliyev obrazı” mövzusunda məruzə ilə çıxış edərək dahi lider Heydər Əliyevin çağdaş Azərbaycan poeziyasında, nəsrində və dramaturgiyasında təsvir edilən bədii portretini nümunələr və detallar əsasında nəzərə çatdırıb.

Tədbirdə bölgə yazarları Solmaz Elqızı “Hər zaman səninlə vurar ürəyim”, Yusif Rzayev “Siyasi loğmandır Heydər Əliyev”, Adilə Aslanova “Şuşa”, Güldanə Ramazanova “Nə yaxşı ki, bizim Heydərimiz var”, Zaur İlhamoğlu “Nə var ki?”, gənc yazar Elvin Nuri “Azərbaycan memarı”, “Ey xalqın sərkərdəsi”, Reyhan Miqdadqızı “Baxın mənəm, mən Vətənəm” adlı şeirlərini səsləndiriblər.

Həmçinin Akif Salamoğlu Heydər Əliyevə həsr etdiyi “Bəraət” pyesinin yaranma tarixçəsindən, Elsevər İsmayılov və Musa Həşimov isə Ümummilli Lider Heydər Əliyevin xalqa, dövlətə olan sonsuz sevgisindən bəhs ediblər.

Sonda Ulu Öndərin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: